Paylaş

“Azərbaycan “Bakı Şahmat Olimpiadası” kimi mötəbər yarışa ev sahibliyi edir. Şahmat intellektual idman növüdür. Hər ölkə bu idman növündə olan uğurları ilə öyünə bilməz. Amma Azərbaycan öyünə bilən ölkələrdəndir

İdman şərhçisi Sənan Şəfizadə bildirib ki, Azərbaycan şahmatın inkişaf etdiyi ən öndə gedən ölkələrdən biridir:

“Belə yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyada növbəti dəfə tanınmasını nümayiş etdirir və Azərbaycanı idman ölkəsi kimi təsdiqləyir. Nəzərə alsaq ki, ölkəyə 176 ölkənin şahmatçıları gəlir və onların əksəriyyəti Bakıda heç vaxt olmayıblar.  Ölkədə 260-a yaxın jurnalist qeydiyyatdan keçib. Onlardan 125-i xarici jurnalistdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün ölkələr arasında ilk dəfə olaraq şahmatın inkişafına görə dövlət proqramı imzalayıb. Bu proqram iki dəfə çox uğurla başa çatdırıldı. Bu gün bunun nəticəsidir ki, Azərbaycan Bakı Şahmat Olimpiadası kimi mötəbər  yarışa ev sahibliyi edir. Bu gün Bakı vaxtı ilə 15:00-da ilk tur oynanılacaq. Çox çətin mübarizədir. Çünki ani bir səhv çox ümidlərin üzərindən xətt çəkə bilər. Doğmaları, minlərlə tamaşaçılar onları izləyəcək. Bu əlavə təzyiq yaradır. Lakin bu təzyiq gücə çevriləcək və güc onlara kömək edəcək. Mən əminəm ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq”.

İdman şərhçisi həmçinin Şahmat Olimpiadası ərəfəsində Bakıya gələn qonaqlar və şəhər sakinləri üçün nəzərdə tutulan görməli məkanlardan da söz açıb. O bildirib ki, Bakıda böyük bayram başlayır:

“Bakıda artıq şahmat avtobusu fəaliyyət göstərir. Bu avtobuslar yüksək səviyyədə dizayn olunub və bütün şəhəri gəzir. Şəhər turu zamanı avtobusun ikinci mərtəbəsində şahmat da oynamaq mümkündür. Dünyada ilk dəfə olaraq bu avtobus, məhz bizdədir. İkinci əsas məqam isə müxtəlif şəhər məkanlarında, Qız qalasının üstündə, Hökumət evinin qarşısında böyük şahmat fiqurları var. Şəhər sakinləri rahatlıqla bu məkanlarda şahmat oynaya bilər. Bu çox böyük bir layihədir və bir daha şahmatın təbliği üçün çox böyük bir işin görüldüyünü nümayiş etdirir. Eyni zamanda Bakı Kristal Zalın tərkibində yerləşən sərgi mərkəzində olimpiada günlərində sərgi göstəriləcək. Sərgidə heç bir yerdə nümayiş edilməyən  nadir eksponatlar təqdim olunacaq.  Bu 15 gün ərzində bütün şahmat dünyasının ürəyi Bakıda döyünəcək”.

GSR.fm