Paylaş

Bu gün Azərbaycanda Novruzun sonuncu çərşənbəsi  olan – Torpaq çərşənbəsi qeyd olunur. Bu çərşənbə də özünəməxsus adət-ənənələri ilə seçilir.

Qədim adətlərin bugün də tətbiq olunmasının insanlara təsiri barədə  müsahibə verən psixoloq Təhminə Çələbi adətlərin simvolik olsa belə, qorunmalı olduğunu qeyd etdi:

“Bu bir növ vərdiş və ritual halına gəlib. Amma burada yaxşı xüsusiyyətlər də çoxdur. Məsələn, küsülülərin barışması –bayramı gözləyirlər və bayram günü süfrə açılır, barışırlar.  Bununla yanaşı bir də məcburiyyət var. Ürəyindən  gəlmədiyi halda bunu etməlisən kimi vəzifələr bəzən insanı yora bilər. Zaman keçdikcə, insanlar azad fikirli olmağa başlayırlar və öz istəkləri ön plana keçir. Burda önəmli olan qızıl ortanı tapmaqdır. Biz heç kimdən tələb edə bilmərik ki, illər öncəki kimi davransın. Hər şey inkişaf edir. Keçmişi unutmayıb, indiki vəziyyəti də nəzərə almaq lazımdır. Gözəl xüsusiyyətləri davam etdirmək lazımdır. Hər bir xalqın özünəməxsus xüsusiyyətləri var. Novruz bayramı da bizim xalqa məxsusdur. Bunu simvollik olsa da, saxlamaq lazımdır”.