Paylaş

İnsanların heyvan və bitkiləri sevməsi kifayət etmir. Bununla yanaşı onlara düzgün qulluq da edilməlidir. Bir çox evlərdə və iş yerlərində akvariumlara rast gəlirik. Rəngarəngliyi ilə seçilən akvarium balıqları insanlara rahatlıq verir. Ətrafımızda su mühiti yaratmaq istəyənlərin bəzi məqamları bilməyi vacibdir. 

Akvariumun düzəldilməsi, dizaynı və balıqlara quluq işi ilə beş ildir ki, məşğul olan akvaryumist Elxan Osmanov həvəskarlara bəzi məsləhətlər verir:

“Akvariumun gün düşən yerlərə qoyulmaması daha düzgündür. Çünki, gün işığı akvarimun içərisində otun yaranmasına və artmasına səbəb ola bilər. Bu da görünüş olaraq yaxşı görsənmir. Akvariuma su dolarkən ağır olduğu üçün onun qoyulacağı rəf möhkəm olmalıdır. Gün düşərkən yaranan bitkilərin hamısı təmizlənməlidir. Bu müddətdə balıqlar başqa qaba qoyulub, kənarda saxlanılmalıdır. Daha sonra isə akvariuma su əlavə edilərək, bir müddət gözləmək və balıqları akvariuma əlavə etmək lazımdır”.

Elxan Osmanov akvariumların işıqlandırılması barədə də oxuculara öz tövsiyələrini bildirir. Onun sözlərinə görə, akvariumda işıq nə qədər az yandırılarsa, o qədər yaxşıdır. Belə ki, bu zaman akvarium daha təmiz qalır:

“Akvariumda canlı bitkilər varsa, sarı işıqlanmadan istifadə edilməsi daha düzgün olar. Əgər dəniz akvariumudursa, bu zaman göy işıqlanmadan istifadə edilməsi daha məqsədə uyğundur. Bu, işığa “royal blue” deyilir ki,  sırf işığın spektrı mərcanların inkişafı üçün şərait yaradır. Ancaq sizdə olan akvariumlardakı bitkilər təbii deyilsə, yəni, süni bitkilərdirsə, bu zaman istənilən işıq spektrından istifadə edə bilərsiniz”.Akvariumunuzu özünüz daizayn edin foto

Elxan bəyin bildirdiyinə görə, suda artıq yem qalmamalıdır. Akvariumda artıq yem qaldıqda suda nitrat və fosfat səviyyəsi artır ki, bu da suyun zəhərlənməsinə və suyun tez xarab olmasına gətirib çıxarır:

“Gün ərzində balıqlara yem üç dəfə verilməlidir. Amma bu balıqların ölçüsündən asılı olaraq dəyişə bilər. Əgər sizin saxladığınız balıqlar baladırsa, onları gün ərzində 4-5 dəfə yemləməlisiniz ki, onlar inkişafdan qalmasın. Əgər akvariumdakı balıqlar artıq yetkin balıqlardırsa və onları gün ərzində 3 dəfə yemləməyə sizin vaxtınız yoxdursa, o zaman 1-2 dəfə də yemləyə bilərsiniz. Balıqlar onlara  verilən yemləri 5-10 dəqiqə ərzində yeyib qurtarmalıdırlar. Məsləhət olaraq deyim ki, balıqlara az yem verilərsə, daha yaxşı olar”.

Balıq yemi qurtardıqda ya da ki, almaq yaddan çıxdıqda onlara bəzən yem əvəzinə çörək verirlər. Bu isə düzgün deyil.   Bunu akvaryumist də təsdiqləyir:

“Çörəyin tərkibindəki mayada şişirdici məhlul olduğu üçün balıqlara verilməsi düzgün deyil. Onun əvəzinə toyuq ətini kiçik hissələrlə doğrayaraq vermək daha yaxşı olar . Ümumiyyətlə,  gün ərzində balıqlara heç nə verilməsə, bunun onlara heç bir ziyanı olmaz. Ancaq çörək verilərsə, bu zaman onlar köpüb, ölə bilərlər”.


Hazırladı: Günay Kəlbəcərli