Paylaş

“Xoruldamanın bir neçə səbəbləri var. İlk növbədə bu, burun çəpərinin əyriliyi ilə bağlı ola bilər”.

Bu sözləri tibb elmləri üzrə fəlsəfə doktoru Ramil Həşimli deyib. O, nəfəsalma ilə bağlı problemlərin olmasının xoruldamaya səbəb ola biləcəyini bildirib:

“Xoruldamanın qarşısını almaq üçün ilk növbədə onun səbəbini bilmək lazımdır. Bu, əgər burunla bağlıdırsa, burada əməliyyat olunacaq tərəf varsa, onu əməliyyat etmək lazımdır. Burun çəpəri əyriliyi varsa, çəpəri əməliyyat etmək lazımdır. Əgər allergik rinit varsa, o zaman allergik riniti müalicə etmək lazımdır. Bunlardan əlavə, yumşaq damaqla bağlı prolemlər ola bilər, o zaman xüsusi plastik əməliyyatlar olunur. Dilin həddən artıq böyük və ya kiçik olması da xoruldamaya səbəb ola bilər. Artıq çəki də, insanda xoruldamaya səbəb ola bilər. Ona görə də, bunları dəqiqləşdirib səbəbi aradan qaldırmaq lazımdır. Hazırda dünyada olan standartlardan ən doğrusu “yuxu laboratoriya” larıdır. İnsanlar bir gün ərzində bu laboratoriyalarda yatır və onların yuxusu yazılır. Bundan sonra isə dəqiq diaqnoz qoyulur. Yatarkən boğulmanın, xoruldamanın səbəbi məlum olur və ona uyğun müalicə üsulu qeyd olunur”.

Ramil bəy həmçinin, xoruldamanın aradan qaldırılmamasının bir sıra fəsadlara səbəb ola biləcəyini və onun müalicə müddəti haqqında da fikir bildirib:

“Xoruldamanın bir sıra səbəbləri ola bilər. Beyinə oksigenin çatmamasını, baş ağrısı, xroniki yorğunluq bunlara aiddir. İnsan xoruldayırsa, nə qədər yatsa da tam yatmış kimi olmur. Xoruldayan insan 10-15 saat yatsa da, səhər oyananda heç yatmamış kimi hiss edir. Xoruldayan insanlara dərman müalicəsi tətbiq olunarsa, bu bir neçə gündən bir neçə aya qədər davam edə bilər. Cərrahiyə yolu ilə isə bir gündə müalicə oluna bilər. Əməliyyatdan sonrakı dövr isə müəyyən müddət çəkə bilər”.