Paylaş

“O deyir ki” rubrikasında bu dəfəki müsahibimiz müğənni Roza Zərgərlidir. İfaçı ilə söhbətə “Müasir tamaşaçısı nə görmək istəyir?” sualı ilə başlayırıq.

Hazırda tamaşaçını təəccübləndirməyin çətinliyindən danışan Roza xanım bunun səbəblərini belə izah edir:

İnternet dövründə yaşayırıq. Bu isə o deməkdir ki, insanlar daha çox məlumatlıdırlar, hər gün bir yenilik görürlər. Belə olduqda onları təəccübləndirmək çətinləşir. Bəs müğənni bu zaman nə etməlidir? Məncə, ifaçı daxili mənini üzə çıxarmaqla tamaşaçı sevgisini qazana bilər. O şəxsiyyəti ilə auditoriyaya özün sevdirərsə, nə edir-etsin: istər təpəsi üstdə başı aşağı gəzsin, istərsə də suyun altında oxusun, tamaşaçı yenə onu sevəcək.

Məsələn, mən tamaşaçının sevgisini qazanmaq üçün onlarla mümkün qədər səmimi olmağa, ünsiyyətə girməyə çalışıram. Adicə tamaşaçı mənə hörmət edib iki  saat yarım məni dinləyir. Sonra da gözləyib şəkil çəkdirmək istəyir. Mən də hörmət əlaməti olaraq şəkil çəkdirirəm. Amma bəzi müğənnilər bunun əksinə olaraq konsert bitən kimi məkandan uzaqlaşırlar.

“Şou biznesin nə qalmaqallarında, nə də gecə həyatında yoxam”

Şou-biznesdəki insanların 99,98 faizi ikiüzlüdür. Kim deyirsə ki, ikiüzlülükdən zəhləm gedir, deməli, onun özündə bu xüsusiyyət var. Kim nədən gileylənirsə, giley obyekti elə o özüdür.

Mən şou-biznesə aid bütün tədbirlərdə, məsələn, ad günlərində, toylarda, açılış və təqdimatlarda iştirak edirəm. Amma bu o deməkdir ki, şou-biznesin içindəyəm. Bu aləmin nə qalmaqallarında, nə də gecə həyatında olmadığımdan bir ayağımda şou-biznesdə deyil.

sekil1logo

“Çimərlik geyimi ilə səhnəyə çıxmaq ucuzluqdur”

Özbək sənətçisi  Ziyad İşanxocayevlə ifa etdiyiniz ‘’Ti i ya’’ mahnısına çəkilən  klip geniş rezonans doğurdu. Klipin bu qədər səs-küy yaratmasına səbəb kimi klipdəki erotik səhnələr göstərildi. Sizcə, bir mahnın və klipin sənət baxımından deyil, erotika ilə gündəmə gəlməsi ifaçı üçün nə dərəcədə lazımlıdır?

Mənim “Ti i ya” mahnıma çəkilən klipdə sadəcə ecazkar səhnələr var idi ki, orada oğlan qızı öpüb, əzizləyirdi. Kliplərdəki açıq-saçıq səhnələrə qalsa, 1990-ci illərin axırından başlayaraq ulduz sənnətçilərimizin çəkildiyi açıq-saçıq səhnəli kliplər kifayət qədər çoxdur. Əgər bir klipdə erotika varsa, bu orada pornoqrafiyanın olduğu anlamına gəlmir. Mən özüm klipimin erotikayla gündəmə gəlməsindən xoş olmasam da, görünür, bununla bağlı danışmaq dırnaqarası tamaşaçılara lazımdır.

Nə Günay İbrahimlinin, nə də Demet Akalının çimərlik geyimində səhnəyə çıxmağı heç kimə lazım deyil. Düzdür, Günay İbrahimli oxuyan müğənnidir. Amma o verdiyi konsertdə elə eləməli idi ki, geyimindən yox, mahnılarından və o mahnılara hazırlanan performansından danışılsın. Məncə, çimərlik geyimi ilə səhnəyə çıxmaq ucuzluqdur.

“Estradada hansı sənət göstəricisindən danışırıq?!”

Estradada danışdığımız 90 faiz insanların hansında sənət var? Estradada nə sənət?! Gəl, belə danışaq, hansı sənət göstəricisindən danışırıq?! Ümumiyyətlə, sənətkar sözü estradaya uyğun deyil. Muğamda, operada, rejissorluqda sənət göstəricisindən və sənətkar anlayışından danışmaq olar. Estrada ifaçısı elə damğa qoya bilər ki, o, əsrlərboyu unudulmasın. Məsələn, klassik estrada ifaçısı Flora xanım “Bir axşam taksidən” mahnısı ilə elə möhür vurub ki, istənilən yaşda insan onu dinləyir.

sekil2-logo

Erkən yaşda ailə qurmusunuz. Sizcə, bunun hansı müsbət və mənfi tərəfləri var?

Mənfi cəhətləri odur ki, gəncliyini yaşaya bilmirsən. Həmçinin həmin yaşda yanlız kariyerının qurulmasına fokuslanmaq istəsən də, özündən başqa 3-4 nəfərin də qayğısına qalmalı və onlara vaxt ayırmalı olursan. Şükürlər olsun ki, mən ailəmə qarşı diqqətsiz qalmadım və öz enerjim sayəsində bunu bacardım. Müsbət cəhət olaraqsa, övladların sanki sənə tay-tuş olur.

Evlənmək istəyirsənsə, bir əsas suala cavab tapmalısan. Ailə qurmaq istədiyin insanın günün 24 saatı, ayın 30, ilin 365 günü bütün pis xüsusiyyətlərinə dözüb, tab gətirə biləcəksən? Əgər cavabın “hə”dirsə, evlən. Yoxsa tərəflərdən biri deyirsə, o başını qaşıyanda xoşum gəlmir, deməli, o insanla ailə həyatı qurmaq lazım deyil. Çünki sonradan adi baş qaşımaq üstündə ailə dağıla bilər.

“Qarşılıqlı sevgi üzərində qurulan ailələr tez dağılır”

Bəziləri deyir ki, sevginin ömrü 3 ildir. Məncə isə sevginin ömrü 3 il yox, əbədidir. Sadəcə sevgi iki tərəfli deyil, bir tərəfli olur. Birinci tərəf əlaqadə sevgi göstərirsə, ikinci tərəf isə hörmət, qayğı ilə ona qarşılıq verir. Əgər ailədə iki nəfər bir-birinin mənfilərinə qatlanır və onları düzəltməyə çalışırsa, deməli, hər iki tərəf sevir. Bunula da həmin sevgi ömürboyu davam edir.

Çoxlarının xəyalını qurduğu qarşılıqlı sevgi Leyli və Məcnun timsalında ola bilər. Belə sevgi ilə qurulan ailələr isə tez dağılır. Gec ya tez onlar boşanırlar.

sekil8-logo

Dörd övladınız var. Övlad tərbiyəsi zamanı əsas önəm verdiyiniz prinsip nədir?

Övladı tərbiyə edərkən ilk növbədə onun əxlaqına fikir vermək lazımdır. Çünki gənc yaşlarda atacaqları istənilən addım 10 il sonra onların zərərinə işləyə bilər. Məsələn, qız uşağı instaqrama bir az çiyni açıq paltar qoyursa, bu 10 il sonra ailə quran zaman ona problem yarada bilər. Buna görə övlad tərbiyəsi zamanı ona birinci əxlaq anlayışını aşılamaq lazımdır.

İstəməsiniz belə, məcburən erkən yaşda ailə həyatı qurmusunuz. Bildiyimiz qədəri ilə qızınızın 17 yaşı var. Bu gün o gəlib sizə ailə qurmaq istədiyini desə, ilk reaksiyanız nə olar?

Məncə, bunda elə də böyük problem yoxdur. Evlənmək qərarına nəsə demərəm, tək məsləhətim o olar ki, 23 yaşına qədər gözlə. Bu müddət ərzində nişanlı qala bilərlər, amma məsləhətim müəyyən müddət gözləməsi olar.

sekil5-logo

Ümumiyyətlə, övladlarınız ailə qurmaq istədiyi zaman onların bu seçiminə nə dərəcədə qarışarsınız?

Əgər oğlum bir qızı sevir və onunla ailə həyatı qurmaq istəyirsə, ilk növbədə onu mənə bəyəndirməlidir. Mənə göstərməlidir ki, onun hansı yaxşı xüsusiyyətləri var. Həm də bir şey var ki, oğlumun sevdiyi insan onun gözündə ideal görünə bilər, amma mən bir saatın içində onun 10 mənfi xüsusiyyətini saya bilərəm.

Bəs, övladlarınız necə? Sizlə bağlı məsələrə qarışırlarmı?

Bir dəfə kliplərin birində geydiyim açıq-saçıq paltara görə evdə böyük səs-küy oldu. Oğlum üstümə əsəbiləşdi ki, o paltar nədir geyinmisən?! Ara-sıra belə hallar olur ailədə.

Həmkarlarınız sizi güclü qadın hesab edirlər. Belə bir fikir də var ki, kişilər güclü qadınlardan qorxurlar. Siz necə düşünürsünüz?

Həyatda problemlər çox olur. Sən onlara tab gətirməyə çalışdıqca daha güclü olursan. Beləliklə, həyat səni gücləndirir. O ki qaldı, güclü qadından qorxan kişilərə, məncə, hansı kişilər zəifdirlərdirsə, onlar güclü və ağıllı qadından qorxurlar. Güclü kişi güclü qadından qorxmaz.

sekil9-logo

Sizcə, Azərbaycan kişisi xanımına nə dərəcədə diqqət göstərməyi bacarır?    

Azərbaycan kişiləri kobud və diqqətsizdirlər.Onlar qadınlarına bir güllə belə quru diqqət göstərə bilmirlər. Xanımlar kişilərdən yalnız sevgi, diqqət, sadiqlik görmək,  xoş söz eşitmək istəyir. Eyni zamanda, əlbəttə ki, hər bir xanım ilk növbədə qarşısında əsil kişi görmək istəyir.

“Mütailəli kişi həmişə dəbdədir”

Mütailəli kişi həmişə intellektual görünməklə, yanaşı həm də xanımlar üçün cəlbedici olur. Kişi qadından savadlı və güclü olanda, biz qadınlar ondan öyrənməyə çalışırıq. Bir sözlə, mütailəli kişi həmişə dəbdədir.

Son olaraq, kishi.az-ın Kişi oxucularına nə demək istərdiniz?

Azərbaycan kişisinə heç nə demək lazım deyil. Sadəcə Azərbaycan kişisinə yaraşan 3 şey var: dürüstlük, mərdlik və  sevərlik. Sevərlik anlamına isə vətənsevərlik, sülhsevərlik, insan sevərlik, valideynsevərlik, övlad və  qadın sevərlik daxildir. Bir də hər biri kişi yaxşı bilir ki, öz daxilində nə əskikdir, nəyi düzəltmək lazımdır. Çalışsınlar ki, onu vaxtında düzəltsinlər.


sekil10-logo

sekil7-logo sekil11-logom

sekil6-logo

sekil12-logo sekil13-logo sekil14-logo

Hazırladı: Əli Öztürk

Duyğu Qasımlı