Paylaş

Kanoe və kayaklarda mübarizə aparan idmançılar 10 dəst medalın sahibini müəyyənləşdirir.

Mingəçevirdə keçirilən yarışda final mərhələsinin yürüşləri keçirilir. Həlledici yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edir.

Apasport.az saytının məlumatına görə, kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub. Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançınız 2.05,583 nəticəyə imza atıb. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib – 2.03,569. Çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.

İnna 200 metr məsafədə də final yarışında qüvvəsini sınayır. O, 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub.

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.