Paylaş

“O deyir ki” rubrikasının bu dəfəki qonağı çoxlarımızın Promete adı ilə tanıdığı Pərviz İsaqovdur. Əksəriyyətimiz onu yalnız reper kimi tanısaq da, Pərviz bundan əlavə, həm də səs rejissoru, produser kimi fəaliyyət göstərir. Bəs görəsən, üç sənətlə eyni vaxtda məşğul olmaq yorucu deyil? O bu peşələrdən hansını özünə yaxın hesab edir? Elə müsahibimizlə söhbətə də bu sualları ona ünvanlamaqla başlayırırq. Pərvizin cavabı isə belə olur:

– Hal-hazırda daha çox özümü reper və produser kimi sınayıram. Avropa oyunlarına səs rejissoru seçildiyim üçün yəqin ki, bir aydan sonra bu sənət mənə daha yaxın olacaq. Yaradıcılıq işləri bir kənara qalacaq və texniki işlə məşğul olmağa başlayacağam.
Yorulmaq məsələsinə gəldikdə isə əvvəllər üç işi eyni vaxtda görmək müəyyən qədər yorucu olurdu. Bu məsələnin həll yolların axtara-axtara axırda dostumla öz şirkətimizi yaratmaq qərarına gəldik. Beləcə işləri müəyyən işçilər arasında bölə bildik. Bu isə işlərimizi gözlə görüləcək qədər yüngülləşdirdi.

Necə düşünürsünüz? Bu gün Azərbaycanda produserlik deyəndə nə başa düşülür və bu sahədə işinin ciddiyətinin fərqinə varan insanlar nə qədərdir?
– Mən deməzdim ki, çox təcrübəli produserlərdənəm, amma bir çoxlarından da təcrübəsiz deyiləm. Tək musiqi sahəsində deyil, kino sahəsində də. Azərbaycanda təcrübəli produserlər var. Məsələn: İsa Məlikov. Onun dahiyanə işləri çoxdur. Eurovisiona gedən bir çox ifaçılar onun əlinin altından çıxıb. Ümumilikdə götürdükdə isə, məncə, Azərbaycanda menecerlik və produserlik anlayışları səhv salınır, insanlar hələ də bu iki sənətin bir-birindən fərqini tam başa düşmürlər.

Bu günkü Azrepin vəziyyətindən danışaq. Azərbaycanda rep səhnəsində nələri bəyənmirsiniz? Sizcə, repi kimlər oxumalıdır?
– Bütün repçiləri dinləyirəm desəm, yanılmaram. Ən azı bir dəfə də olsa, dinləməyə çalışıram. İlk dinləmədə repin keyfiyyətli olub-olmamasından çox şey asılıdır. Xoşuma gəldisə, dinlədiyim ifanı musiqi siyahıma əlavə edirəm. Gələcəkdə də həmin ifaçıyla birlikdə işlər görməyə çalışıram.

“Var gücünlə vur” sinqlında Alim Qasımov və Sailor ilə birgə ifanız olub. Daha nə kimi layihələr həyata keçirmək istəyirsiniz? Nə kimi yeniliklər gözlənilir?
– “Var gücünlə vur” texniki musiqi sayılır. Bu tərz musiqilər tələblə yaranan musiqilərdir, onların musiqisi müasir üslubda, sözlərində isə çağırış olmalıdır. Yaxın gələcəkdə belə tərz musiqilər gözlənilir, çünki sifarişlərimiz çoxdur. Yeni kinolar çəkilir. Mən orada səs rejissoru, reper, aktyor kimi çıxış edirəm. Bu isə o deməkdir ki, belə musiqilər çox olacaq.

Necə düşünürsünüz? Sevilmək üçün bir ifaçıya nələr lazımdır? Güclü səs, musiqi zövqü yoxsa başqa nəsə?
– Hər şeydən əvvəl sevilmək istəyən ifaçı mütləq şəkildə ifa etdiyi janrda usta olmalıdır. Ondan sonra baxımlılıq lazımdır. Burada da iqtisadiyyatda olduğu kimi “Tələb-təklif” metodu keçərlidir. Sən təklif edirsən, əgər təklifin tələb yarada bilirsə, təklif etdiyin satılacaq. Satılmaq isə burada, əlbəttə ki, yaxşı mənadadır.
Bundan əlavə insan həm də zamanla uzlaşmağı bacarmalıdır. Məsələn, indi elə müğənnilər var ki, onlara toy bazarında da tələb var, amma onlar toya getmirlər. Nəticədə digərləri ilə müqayisədə qat-qat az qazanırlar. Mən isə belə etmirəm. Bütün dünyada belə bir təcrübə var: Sənin əməyinə ehtiyac varsa, əməyini sat. Mən də indi belə edirəm: ehtiyac olduqca musiqilərimi-əməyimi satıram.

Pərviz, bildiyimiz qədər ailəlisiniz. İşinizlə ailənizə eyni dərəcədə diqqət ayıra bilirsinizmi?
– Demək olmaz ki, ürəyim istədiyi qədər və yaxud evdəkilərin istədiyi qədər onlara vaxt ayırıram. Mən iş adamıyam, mənim işim var. İstənilən iş adamından soruşsanız, eşidəcəksiniz ki, onlar müəyyən yaşlarını işlərini qurmağa sərf ediblər. İşləmədən, əlində madiyyat olmadan ailəyə yalnız sevgi bəs etmir. Odur ki, müəyyən qədər münasibətlərdə bəzi şeyləri vaxt məsələlərinə qurban verməli oluram.

Dinləyiciləriniz arasında xanımlar da çoxdur. Onların sizə diqqət göstərməsi (müxtəlif mesajlar, zənglər) ailənizdə hansısa problemlər yaradırmı?
– Hər şey sənin özünə icazə verdiyin qədərdir. Mən heç kimlə yazışmıram, heç kimi dediyiniz sərhədlərdən buraxmıram. Şəxsi nömrəmi gizli saxlamağa çalışıram. Lazım olduğunda menecerlərimlə əlaqə saxlayırlar. Mümkün qədər məxfiliyi qoruyuram. Çalışıram ki, sənətim ailəmdə hansısa problemlər, söz-söhbətlər yaratmasın.

Deyirlər ki, ailə sevgini məhv edir. Sizin bu fikrə münasibətiniz?
– Ailə qurduqdan sonra sevginin yanına hörmət də əlavə edilir. Evlilikdən sonra sevdiyin şəxsi əvvəllər görmədiyin formada, geyimdə görürsən. Bu isə bir-birinizə olan münasibətinizdə qəribə doğmalıq yaradır. Mən düşünmürəm ki, ailə sevgini öldürür. Ola bilsin ki, bu ailəsində uğursuzluqlar yaşayan hansısa şəxsin sözü olub, amma bunu bir formul kimi qəbul etmək düzgün deyil.

Sizcə ailədə qarşı tərəfə qadağalar qoymağa ehtiyac varmı?
– Biz bəlkə də, çox nadir ailələrdənik ki, bir-birimizə heç bir qadağa qoymuruq. Buna ehtiyac da yoxdur. İlk qarşına çıxan adamla ailə qurursansa, bu başqa məsələ. Yoxsa, siz illərlə bir-birinizi tanıyırsız, sonra dost olursunuz və ailə quraraq qadağalar qoyursunuzsa onda belə bir sual yaranır: Bu qədər illəri nəyə sərf etmişdin ki, indi qadağa qoyursansa? Elə bil ki, tanqo oynayırsan, qarşı tərəfə deyirsən ki, sən addımı belə atma. Tanqonun qaydaları var axı. Sən ayağını belə atanda qarşı tərəf belə atmalıdır. Paralel hərəkətlər olmalıdır. Bu illər ərzində bir-birinizi başa düşməmisinizsə, bu mənim xoşuma gəlmir, o sənin xoşuna gəlmir deyib qarşı tərəfi incidəcək addımlar atırsınızsa, deməli, siz yaxşı partnyor olmamısınız. Bir dəfə hansısa bir hərəkəti edirsən, görürsən ki, bu qarşı tərəfin xoşuna gəlmir, etmə. Bizim ailədə belə məsələlərə görə inciklik çox az olur.

Sizcə, ideal cütlük necə olmalıdır?
– İnsan qarşısındakı şəxsin ona nə dərəcədə uyğun olduğuna, onun üçün ideal tərəf müqabili olub-olmadığına əmin deyilsə, məncə, ailə qurmaq düzgün deyil. Ailə qurmadan öncə oturub yaxşı-yaxşı düşünməlisən, həmin insanı maksimum dərəcədə yaxından tanımalısan. Bizim mentalitet isə imkan vermir ki, cütlüklər bir-birin tanıyana qədər birlikdə yaşasınlar. Ola bilər ki, qarşındakı şəxs sənin xoşuna gəlmək üçün müəyyən müddət maskalansın, nəticədə sən onu səhv tanıya bilərsən. Belə hallardan sığortalanmaq üçün cütlüklər maksimum dərəcədə çox vaxt keçirməlidirlər. Onlar ancaq bu yolla öyrənə bilərlər ki, ailərlər ki, gələcəkdə baxıb həsəd aparılası münasibətləri olacaq ya yox? Amma dediyim kimi Azərbaycanda bu mümkün deyil.

Xanımın ailədəki rolundan danışaq. Sizcə , bir qadının ailədəki əsas rolu nədir?
– Yemək bişirməlidir, aşı yaxşı süzməlidir… ( gülür). Əlbəttə ki, belə deyil, amma mən gender bərabərliyi deyə bir şeyi də qəbul etmirəm, bu absurddur. Gender bərabərliyi və müəyyən başqa formalar var ki, bəzi cəmiyyət formalarında qəbul olunur. Məsələn: eynicinslilərin nigahı. Mən bunlara qarşıyam, ona görə də məni homofob adlandırmaq olar.
Amma mən ailədə, ev işlərində hər şeyi qadının üzərinə atmağı da qəbul etmirəm. Qadınlar da cəmiyyədə müəyyən yer tuta bilərlər. Onların görəcəkləri işi yalnız ailə ilə məhdudlaşdırmaq düzgün deyil. Qadın var ki, prezident olur, qadın var ki, nazir olur. Qadını limitləmək olmaz. Hər kəs özü üzərində işləyib, daha yaxşı olmağa çalışmalıdır. Bu şansı qadının əlindən alan kişiləri qəbul etmirəm

Bir çox peşələr var ki, onları xanımlara yaraşdırmırlar. Bəzi hallarda isə, ümumiyyətlə, kişilər ailədə qadının işləməsini istəmirlər. Sizcə, bunun səbəbi nədir?
– Bu səhvdir. Müəyyən mərhələlər olur ki, kişilərin həyatında maliyyə böhranı olur. Həmin mərhələdə qadınına işləməyə icazə verməyən kişilər çox peşman olurlar. Qadın özü-özünə nəyi məsləhət bilirsə, onu da etməlidir.

Siz xanımların hansı peşədə işləməsinə qarşısınız?
– Bəzi ədəb-ərkan çərçivəsini aşan şeylər var ki, biz onları qəbul etmirik. Məsələn, biz qadının müğənni olmaq istəyini qəbul etmir, bu peşəni ona yaraşdırmırıq. Amma, məncə, bu məsələdə insana belə limitlər qoymaq düzgün deyil. İlk dəfə mən də ailəmə repçi olmaq istədiyimi deyəndə birmənalı qəbul etmədilər.Amma zamanla bu peşəni nə qədər sevdiyimi, bu işlə ciddi məşğul olduğumu gördülər və mənə dəstək olmağa başladılar. Mən bu gün görsəm ki, yoldaşım və yaxud ailəmdə olan hansısa qadın hansısa işlə ciddi şəkildə məşğul olmaq istəyir, mütləq şəkildə ona dəstək olmağa çalışaram.

Azərbaycan xanımlarında nələri bəyənmirsiniz?
– Bunu kollektivlə çox müzakirə edirik. Əvvəllər şəhərdə gəzəndə qadınları makiyajına, geyiminə görə seçmək olurdu ki, bunun davranış, düşüncə tərzi necədir. İndi hamı demək olar ki, bir-birinə oxşayır. Qadınlar baxımlılığa üstünlük verirlər, nəinki özinkişafa. Amma bunu da bütün qadınlara aid etmirəm. Mütaliəylə məşğul olan, daim yenilik axtarışında olan xanımlarımız da kifayət qədər çoxdur. Nərgiz Cəlilova, Nigar Köçərli, Afət Yaqubova və.s kimi xanımlarımız onlara bariz nümunədir. Amma ümumilikdə götürəndə kişilərlə müqayisə edəndə qadınlar çox az mütaliə edirlər. Qadın öz üzərində işləyərək limitləri aradan qaldıra bilər. Qadınlarda bəyənmədiyim yeganə şey bir az intellektin aşağı olmalıdır. Hiları Klinton prezidentliyə öz namizədliyini irəli sürdü. Bizdə niyə olmasın?

Sizin fikrinizcə, kişilər hansı qadınlar ilə münasibət qurmaq istəmirlər?
– Deyirlər ki, kişilər əsasən iki tip qadından qaçırlar: çox alış-veriş edən və özünə baxmayan. Mənim fikrimcə, bu düzgün deyil. Mənim qadınlarda sevmədiyim əsas cəhət bəzən həddindən artıq çox danışmalarıdır. Qadın kişi münasibətində əsas rol aparıcısı qadındır. O, öz ağlı və zəkası ilə kişini əlində saxlamağı bacarmalıdır. Hər bir kişi yanından ağıllı, özünəgüvənən qadın görmək istəyir. Bu qadınlara da aiddir. Məncə, qadınlar da özlərinə inanmayan kişilərdən uzaq durmağa çalışırlar.

Sizcə, bir xanıma hansı hərəkəti heç vaxt bağışlamaq olmaz?
– Bu barədə sosial şəbəkədə yazmaq istəyirdim. Əvvəllər xarici ölkələrdə olanda qadının əlində siqarət görən zaman düşünürdüm ki, xüsusi hallarda siqaret çəkmək qadına əlavə yaraşıq, estetiklik verir. Amma son vaxtlar Bakıda belə tablo ilə tez-tez rastlaşmağa başlamışam: qadın küçədə gedir, əlində siqaret. Buna görə də indi düşünürəm ki, bu heç də estetiklik deyil. Ən azından kənardan baxanda yaxşı görünmür.

Bir az da xasiyyətinizdən danışaq. Özünüzdə nəyi bəyənmirsiniz?
– Hərdəmxəyal olmağımı bəyənmirəm. Birdə ki, bir çox azərbaycanlının qanında olduğu kimi məndə də təmbəllik var. Bəzən nə qədər çalışsam da, bundan qurtula bilmirəm. Sonda isə işləri vaxtında çatdırmadığım üçün dizimə döyürəm.

Necə hesab edirsiniz? Qısqancsınız?
– Qətiyyən . Qısqanclıq əslində qüsurdur. Bu təbii vergi deyil. Tərbiyə olunub, aradan qaldırıla bilən bir şeydir. Çatışmazlıqdır.

Necə düşünürsünüz? Sizcə, kişini kişi edən xüsusiyyət nədir?
– Böyük ehtimalla xasiyyətidir. Daha çox şəxsi keyfiyyətləridir. Amma bəzən sənin etdiyin hərəkətin ətraf tərəfindən necə qəbul edilməsi məsələ də var. Məsələn, elə qrup insanlar ola bilər ki, onların yanında elədiyin hansısa hərəkət səni yüksəyə qaldıra bilər. Başqa qrup insanların yanında isə həmin hərəkət səni nakişi kimi tanıdar.

Pərviz, sizcə, indiki kişilərlə köhnə kişilərin əsas fərqi nədədir?
– Lap köhnə kişirlərlə müqayisə etməyə ehtiyac yoxdur. Mən 30 yaşıma yaxınlaşıram, özümdən 10 yaş böyüklər arasında çox fərqlər görürəm. İstər geyim olsun, istər düşüncə tərzi. Özümü məndən yaşca aşağılarla müqayisə edəndə də mənə çox şey qəribə gəlir. Hətta onların bəzi davranışları, hərəkətləri var ki, qəbul edə bilmirəm. Yəni bu hər kəsdə belə olur. Daim keçmiş nəsillə, indiki nəsil arasında fərqlər olur. Amma məncə bu heç də korlanmaq deyil, əksinə bu inkişafdır.

Sizcə, Azərbaycan kişisi digər xalqların kişilərindən hansı cəhətləri ilə fərqlənir?
– Bu sahədə fikirlərimi izah etmək üçün balaca bir hadisə danışım. 2009-cu ildə İsveçdə olanda bir neçə narkomanla söhbətim olmuşdu. Bu söhbətlərin nəticəsi kimi ancaq bir şey deyə bilərəm: onların sərxoşu da, narkomanı da, hər hansısa porno film çəkəni də öz intellekti üzərində işləməyi bacaraır. Bizdə isə hamımız mümkün qədər kütləşirik. Kütləvi kütləşirik.

Son olaraq kişi oxucularımıza məsləhətiniz?
– Mümkün qədər çalışın ki, özünüzdə olan sevgini, içinizdə olan hissləri qoruyun. Böyüdükcə qatilə çevrilmə ehtimalımız var. İçinizdəki uşağı öldürməyin. Çünki həmin uşaq sizin ailə münasibətlərinizin əsas səbəbkarıdır. O gələcəkdə dünyaya gələcək uşağınızı böyütməyinizə təkan verəcək. O uşağı öldürməyin.

Hazırladı: Ülkər Natiqqızı
Cavid Mehdiyev