Paylaş

Əziz oxucular, “Həkim məsləhəti” rubrikası sizin səhhətinizlə bağlı suallarınızı cavablandırmaq üçün nəzərdə tutulub. Bunun üçün sağlamlığınızla bağlı sizi narahat edən bütün sualları bizə ünvanlamağınız kifayətdir. Aşağıda keçən həftə həkimlərimizə ünvanladığınız sualların cavabı ilə tanış ola bilərsiniz.

1. Oxucu sualı: Mən uzun müddət vərəm əleyhinə və xora əleyhinə dərmanlar istifadə etmişəm. İndi isə hormonal müalicə olunuram. Deyirlər bütün bu dərmanlar qara ciyərə mənfi təsir edir. Hətta dərman hepatiti deyilən xəstəliyə də çevrilə bilər. İndi buna görə narahat oluram. Qabaqlayıcı addım kimi nə məsləhət görərdiniz?

1. Həkim cavabı: Nəzarətsiz, çoxlu sayda dərman qəbulu qara ciyərin disfunksiya və zədələnməsinə qətirə bilər. Bunun bir neçə ilkin əlamətləri var: halsızlıq, yorğunluq, iştahsızlıq, bulantı, ağızda acılıq hissi, sağ yanda ağırlıq və şişkinlik hissi, dəri qaşınması və s. Prosesin kəskinləşdiyi zaman sarılıq, sidik və nəcisin rəng dəyişikliyi yaranır.
Lakin öncəliklə, rəy vermədən, bəzi müayinələrdən keçmək lazımdır:
• qanda qara ciyər sınaqları (ALT, AST, QQT və s.)
• USM
• ehtiyac olsa KT, biopsiya və s.
Yalnız həkim-terapevt və yaxud hepatoloq tərəfindən dəqiq diaqnoz və müalicə təyin edilə bilər.
Bundan əlavə, qara ciyəri qorumaq üçün Siz köməkçi vasitələrdən istifadə edə bilərsiniz: düzgün qidalanma (xüsusi pəhriz), fiziki aktivlik, 1-2 l su qəbulu, spirtli içkilərdən imtina və s.

2. Oxucu sualı: Mən yeni ana olmuşam. İndi qorxuram ki, qarnımda şişlik qalar, əvvəlki çəkimdən artıq göstərərəm. Xüsusən də qarnım narahat edir buna görə məni. Belə olmaması üçün nə etməyi məsləhət görərsiniz?

2. Həkim cavabı: Çəkinin və əvvəlki formanın geri qayıtması barədə fikirləşməyin, çünki hal-hazırda Sizin fikirləriniz öz sağlamlığınız və yenidoğulmuş övladınızın qayğısına qalmaqla məşğuldur.
Narahatçılığa səbəb yoxdu, doğuş sonrası şişkinlik, artıq çəki düzgün yanaşmada yavaş-yavaş normaya düşəcək. Bunun üçün düzgün qidalanma, övladınıza döş verməklə, norma daxilində fiziki aktivlik (m. parkda gəzinti), kifayətli qədər su qəbulu, kontrastlı duş, hamiləlik sonrası bandaj, massaj və s. kimi üsullarla köməklik edə bilərsiniz.

3. Oxucu sualı: Məndə bağırsaq polipi vardı 2 il bundan əvvəl. Təxminən 3 aylıq müalicə kursu götürdüm. Həkim dedi ki, xəstəlik artıq yoxdur. Bu yaxınlarda ağrılara görə müayinədə oldum, öyrəndim ki, təzədən yaranıb. İndi bilmək istəyirəm bu xəstəlik müalicəni dayandıran kimi yenidən başlayırmı və yenidən yaranmaması üçün nə etmək lazımdır?

3. Həkim cavabı: Bağırsaq polipin konservativ müalicəsi perspektivsiz yanaşma hesab olunur. Əsasən, cərrahi üsulla aradan qaldırılır. Cərahi əməliyyatdan sonrada 10-15 % hallarda residiv mümkündür. Bunu kontrol etmək üçün ildə 1-2 dəfə müayinələrdən keçmək lazımdır (kolonoskopiya və s.) Profilaktik olaraq, köməkçi vasitə kimi rasionunuza sellüloza tərkibli məhsullar (kələm, alma, çuğundur, balqabaq), bitki yağları qata bilərsiniz, spirtli içkilərin məhdudlaşdırması məsləhət görülür və s.

4. Oxucu sualı: Məndə axır vaxtlar burnum tez-tez qanamağa başlayırdı, qarnımın şişi isə gün-gündən artırdı. Bir həftə əvvəl müayinəyə getdim. Həkimin dediyinə görə qara ciyərim böyüməyə başlayıb. Düzdü onun dediyinə görə müalicə ilə bunu dayandırmaq mümükndü. Amma mən bilmək istəyirəm müalicə yalnız böyümənin qarşısını alır ya onu əvvəlki vəziyyətinə qaytarır? Və indiki halımda müalicəni gecikdirsəm, (hamilə olduğum üçün indi müalicə olunmaq istəmirəm) hansı fəsadlar yarana bilər.

4. Həkim cavabı: Hamiləlik dövrü bəzi hallarda hepatomeqaliya mümkündür. Bu orqanizmdəki endokrin dəyişikliklər əsasındadır. Qarında şişkinlik qarın boşluğundaki təzyigin qalxması ilə əlaqədərdir.
Həkim-terapevt (və yaxud hepatoloq) müayinəsi, qara ciyər sınaqları, USM sonra Sizin qara ciyərinizin funksional vəziyyəti barədə məlumat almaq üçün məsləhətlidir. Cavablarına əsasən bir neçə təbii hepatoprotektiv vasitələr məsləhət görülə bilər, hansıki dölə ziyan etməyəcək. Hamiləlik başa çatdırılandan sonra isə daha ətraflı müayinə səbəbini və müalicəni təyin etmək üçün yardımçı olacaq.

5. Oxucu sualı: Mən artıq 2 ildir ki, bronxlara görə müalicə olunuram, düzdü əvvəllər siqret çəkirdim, amma müalicəyə başlayandan tərgitmişəm çəkməyi. Bronxit müalicəsi isə hələ də davam edir. Bu xəstəliyi tam aradan qaldırmaq üçün siz hansı müalicə üsulun məsləhət görərdiniz?

5. Həkim cavabı: İlk öncə qeyd etmək lazımdır ki, ətraflı müayinə etmədən heç bir həkim müalicə təyin edə bilməz.
Əvvala QÜA, döş qəfəsinin rengeni, biokimyavi analizlər, bəlğəmin əkilməsi və antibiotikoqramma, fonendoskopla ağ ciyərlərin müayinəsi və s. kimi vasitələr Sizin hal-hazırdaki vəziyyətinizin dəyərləndirməsində və bronxitin əsl səbəbini araşdırmasında köməklik edəcək. Bunlardan sonra isə həkim-terapevt ( və yaxud pulmonoloq) tərəfindən düzgün müalicə təyin olunacaq.
Müalicə antibiotik, iltihabəleyhinə, mukolitik, bronxolitik, immunomodulyator preparatlar, bronxoskopik sanasiya, inhalyasiya, massaj, fizioterapiya, oksigenoterapiya, nəfəs alma gimnastikası və digər vasitələrlə aparıla bilər.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.