Paylaş

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Mərhələ çərçivəsində keçirilən “Bavariya”- “Yuventus” oyunu 3-1 hesabı ilə yekunlaşıb.

ATV-nin idman şərhçisi Sənan Şəfizadə keçirilən oyunlar barədə müsahibə verib:

“İlk hissə “Yuventus”un timsalında tam fərqli oyun izlədik. İlk hissədə burulan iki qolun ajiotajı, həyəcanı komandada hiss olunurdu. Təbii, 3-cü qolun da sayılmaması buna təsir edir. “Bavariya”ya qarşı oynamaq da çətindir. İkinci hissədə əsl alman “futbol maşını”nı gördük. Sadəcə, birinci hissədə “Yuventus”un hesabı oyunda həyəcana səbəb oldu. Bu bəlkə də, bukmeykerlərin işini rahatlaşdırmaq üçün olan ssenari idi. Amma, bu səviyyəli oyunlarda heç bir ssenari olmur. “Bavariya” istəmirdi ki, “Yuventus”a çətin anlar yaşatsın. Bu mərhələni rahat adlamaq fikrində idi. Amma, “Yuventus” məcbur etdi ki, “Bavariya” gücünün müəyyən hissini göstərsin. Nəticə tam oyuna uyğundur. İlk hissədə hesab 0-2 olanda, “Yuventus” 3-cü qolu vura bilsəydi, tam fərqli olardı.  İndiki halda isə ədalətsiz qələbə demək olmaz. “Bavariya” layiq olduğu yerə gəldi”.

Sənan bəy 3-1 hesabı ilə yekunlaşan “Barselona” – “Arsenal” oyunu barədə isə elə ilk oyundan “Arsenal”ın təslim olmağa doğru getdiyinin hiss olunduğunu dedi:

“Doğma meydanda ilk oyunda 0-2 hesabı ilə məğlub olmaq artıq rəqib “Barselona”nın gücündən xəbər verir. Nəzərə alaq ki, “Barselona” Çempionlar Liqasının bir nömrəli favoritidir. Gözlənilən ssenari oldu və heç kim “Arsenal”ın “Nou-Kamp” stadionunda sensasiya edəcəyinə inanmırdı. Hesab 1-1 olarkən, “Topçular”a güvən artsa da, Suarez və Messi nöqtəni qoydu. “Barselona” qələbə qazansa belə, gücünün 70%-ni göstərdi. “Arsenal” təcrübəli komanda olsa da, “Barselona”ya “dişini” göstərə bilmədi. “Barselona” da layiqli qələbə qazandı”.

GSR.fm