Paylaş

“Kişilər plastik əməliyyatlara ən çox nəfəsalma problemlərinə, qadınlar isə estetik görünüşə görə müraciət edirlər. Bunlar içərisində ən çox müraciət olunanı renoplastika-burun əməliyyatıdır”.

Bu barədə plastik əməliyyatlar barədə KİSHİ.az-a müsahibə verən uzman həkim, plastik, rekonstruktiv və estetik cərrah Rauf Kərimov bildirib. O deyib ki, plastik əməliyyat zamanı düzgün mütəxəssis seçilməməsi uğursuz nəticə ilə qarşılaşmağa səbəb ola bilər:

“Bunun düzəldilməsi sonra çox çətin ola bilər. Təcrübəsiz, mütəxəssis olmayan adam düzgün texnika ilə əməliyyat aparmırsa, bu zaman onu düzəltmək çətin olur. Təcrübəli adamın uğursuz əməliyyatını isə düzəltmək daha asan olur. Əməliyyatdan əvvəl sonradan yaşana biləcək fəsadları xəstələrə bildiririk. Heç bir həkim mükəmməl deyil, onun əməliyyatlarının bir neçəsi ola bilər ki, xəstənin xoşuna gəlməsin. Fəsadlar da ağır və yüngül şəkildə ola bilər. Burun əməliyyatında deyə bilərlər ki, burnumun bu hissəsi xoşuma gəlmir. Bu da əslində  bir uğursuzluqdur”.

O, həmçinin qeyd edib ki, psixiatrik problemləri olan insanlar plastik əməliyyat oluna bilməzlər:

“Gələn hər xəstəni əməliyyat etmək olmaz, əvvəlcə onunla söhbət etmək lazımdır. Bəzən ailəsində hər hansısa bir problemi olan insanlar olur və bunu burnu ilə əlaqələndirirlər. Belə insanlara başa salmaq lazımdır ki, biz sizi əməliyyat etməklə sizin evinizdəki problemlər düzəlməyəcək. Bəzən həlləri plastik əməliyyatda axtarırlar. Ölümcül xəstəliyi, beynində şişi olan, hər hansı bir orqanı olmayan xəstələrin estetik əməliyyat olunması düzgün deyil. Bunlar hamısı riskdir. Xəstəyə bu riskləri başa salmaq lazımdır”.