Paylaş

Bu dəfə “Aşbaz Abbas” rubrikasında sizinlə demək olar ki, bütün kişilərin sevərək yediyi və kifayət qədər asan hazırlana bilən salat reseptini paylaşacağıq.
Bu salatın tərkibində istifadə edilən hər bir ərzaq sağlamlığımız üçün faydalı vitaminlərlə zəngindir. Çuğundur salatını digər salatlardan bir əsas fərqi də tərkibində istifadə edəcəyiniz ərzaqların miqdarını özünüzün tənzimləyə bilməyinizdir.

5 – 6 nəfərlik salat üçün bizə lazımdır:
3 çuğundur
Təxmini 2 stəkan (zövqdən asılı olaraq dəyişə bilər) qatıq
2 diş sarımsaq
yarım stəkan incə-incə doğranmış qoz ləpəsi
Duz, qara istiot

Hazırlanması:
Qazana yarıya qədər su doldurub çuğundurları yuduqdan sonra ora yerləşdirin. Orta odda qaynamağa qoyun. Çuğundur təxminən 50 dəqiqədən sonra yaxşı bişmiş vəziyyətdə olacaq. Tam bişdiyini yoxlamaq üçün bıçağı çuğundura batırın. Əgər bıçaq rahat batırsa, deməli, hazırdır. Çuğundurları götürüb soyuması üçün kənara qoyun, tam soyuduqdan sonra onları soyub rəndənin iri gözündən keçirin. Orta ölçülü dərin qaba qoyun. Qatıq, sarımsaq, qoz əlavə edib, duz və istiot vurun. Qaşıqla yaxşıca qarışdırın.
Süfrəyə vermək üçün salatı təxminən 2 saat soyuducuda saxlayın ki, bütün dadlar bir-birinə qarışsın. Və budur salatımız hazırdır.

Nuş olsun!