Paylaş

Müasir dövrdə cəmiyyəti narahat edən başlıca problemlərdən biri boşanmalardır. Maraqlısı isə odur ki, boşanmalar nəinki ildən-ilə çoxalır, bununla belə insanların evlilik dövrü də azalır. Bu mövzuda Kişi Magazine-ə  psixoloq psixoterapevt Günel Vəliməmmədova müsahibə verib. O, bildirib ki, boşanmalar mədəniyyətdən asılı olaraq dəyişir:

“Bizim cəmiyyətimizdə iki cür ailə həyatı quranlar var. Birincisi, tanıyıb ailə həyatı quranlar, ikincisi, ailə vasitəsilə tanış olanlar. Ailə vasitəsilə tanış olanlardan, əksəriyyəti daha çox qızlar toyu fikirləşir, toydan sonrakı həyata hazır olmurlar, ailə haqqında məlumatı az olur, çünki təcrübəsiz olurlar. Toydan sonrakı çətinlikləri görəndə isə stress keçirməyə başlayırlar. Boşanma həmişə ən asan yol olur, ona görə çox zaman boşanmanı seçirlər. Əgər əvvəllər qadınlar dözürdülərsə, nəyinsə xatirinə yaşayırdılarsa indi bu bir az daha asandır. Çünki ailə keçmişə nisbətən az da olsa dəstək verir ki, biz sənin yanındayıq, nə olur olsun boşan və s. Yəni ki, bütün bunlar bu cür baş verir”.

Günel xanım həmçinin boşanma hallarının qarşısını almaq haqqında da danışıb. O, qeyd edib ki, boşanma hallarının olmaması üçün ailə strukturu möhkəm olmalıdır, rollar öz yerində oturmalıdır:

“Düşünürəm ki, bu mözvu haqqında məktəbdə də tədris olunmalıdır. İnsanlar ən azı bir-iki il bir-biri il ünsiyyət qurub bir-birini tanımalıdırlar. Bəzi dövrlər var ki, bunlar keçməlidir. Buraya istilik, doğmalaşma dövrü aiddir. İki insan həm dost, həm sevgili o zaman olur ki, onlar arasında ortaq mövzular, maraqlar olsun. Bunlar nə qədər çox olsa münasibət o qədər həm maraqlı, həm də uzunömürlü olur. Problemlərin çoxu da maraqların bir-biri ilə toqquşmamasından başlayır. Bunun üçün də zaman, tanıma dövrü lazımdır”.