Paylaş

ABŞ-da 88-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib.

Amerikalı aktyor Leonardo Di Kaprio ilk dəfə “Oskar” mükafatına layiq görülüb. Aktyor bu mükafatı Alexandro Qonsales İnyartunun “The Revenant” (“Sağ qalmış”) filmindəki rolu ilə əlaqədar alıb. Bu, Di Kaprionun karyerasında ilk “Oskar” mükafatıdır. Buna qədər o, 5 dəfə aktyor, bir dəfə isə prodüsser olaraq “Oskar”a namizəd göstərilib. Bu haqda Kishi.az olaraq kinoprodüsser, rejissor Fehruz Şamıyevin fikirlərini öyrəndik. Fehruz bəyin sözlərinə görə, Di Kaprio rol aldığı filmlərin bir neçəsində “Oskar” mükafatına layiq idi.

“Titanik” filmində onun gənc vaxtları idi. Öz potensialını üzə çıxarmamışdı. Amma Di Kaprionun “Sağ qalmış” filmindən də yaxşı filmləri olub. Məsələn, “Uol küçəsinin canavarı”(The Wolf of Wall Street), “Böyük Qetsbi” (The Great Gatsby) filmlərində canlandırdığı obrazlar çox gözəldir. Amma “Sağ qalmış”ı portret film kimi qiymətləndirmək olar. Yəni Di Kaprionun üzərindən formalaşıb deyə, göz önündə ancaq o olduğu üçün. Digər filmlərdə isə aktyorlar çox olduğu üçün onun oyunu o qədər gözə girməyib. Amma sadaladığım filmlərdə, hətta “Azad Canqo” (Django Unchained) filmində belə Di Kaprio öz potensialını, nəyə qadir olduğunu göstərmişdi”.

Leonardo Di Kaprio 5 dəfə namizəd göstərilsədə, “Oskar” ala bilməməsinin səbəbini rejissor belə açıqlayır:

“Kino Akademiyasının özünəməxsus kaprizləri olur. Məncə, bu Di Kaprionun reklam kampaniyası ola bilər. 5 dəfə namizəd olmuş şəxs bu mükafatı ala bilmirsə, bu özü böyük ajiortaj yaradır. Di Kaprio özü bu kampaniyadan böyük dividend qazandı. Həm imic formalaşma baxımından, həm adının çox hallanması baxımından onun xeyrinə işləyən bir kampaniya oldu. Bəlkə də Di Kaprio özü birbaşa bu reklam kampaniyasında iştirak etmək fikrində imiş? Bunu biz dəqiq bilə bilmərik. Bu Amerikanın böyük şirkətləri arasında müzakirə olunan məsələlədir”.