Paylaş

2016-cı il iyun ayının 1-dən 4-nə qədər Bakıda “III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı” keçiriləcək.

Festivalın münsiflər heyətinin sədri təyin olunan səyyah Azər Qərib bu haqda fikirlərini bölüşüb:

“Festival artıq üçüncü dəfə keçiriləcək, beynəlxalq ənənəvi festivaldır. Beynəlxalq  Turizm  Filmləri  Festivalı artıq beynəlxalq  qurum olan Turizm Filmlər Təşkilatı Alyansının üzvü olub. Tanınmış festivallardan biridir. Münsiflər heyətinin üzvləri xarici  ölkələrdən tanınmış rejissorlar, operatorlar, ümumiyyətlə, turizm sahəsində öz sözünü demiş insanlardır. Dünyanın müxtəlif ölkələrindən filmlər gəlir. Əfsuslar olsun ki, festivalda nümayiş olunan Azərbaycan  filmləri  az olur. Münsiflər heyyətinin sədri kimi deyə bilərəm ki, Azərbaycan iştirakçıları çox fəal iştirak etmirlər. Hər zaman deyirəm ki, fəal olun, qalib olmasanızda olar. Siz filmlərinizi göndərin, ən azından həmkarlarla əlaqələr qurun, bir az cəsarətli olun”.

Azər bəy eyni zamanda təqdim olunan filmlərin kateqoriyaları haqqında da məlumat verdi:

“Filmlər festivala müxtəlif kateqoriyalar əsasında təqdim oluna bilər. Məsələn, Ekoturizm və digər turizm növləri, reklam çarxları, tanıtım filmləri, videoçarxlar və s. kateqoriyalar mövcuddur. Filmlərin xronometrajına gəldikdə isə,  30 saniyədən tutmuş 1 saata qədər davam edən filmlər təqdim etmək olar”.

Müsahibimiz bu festivalın Azərbaycana müsbət  təsirləri olacağını  qeyd etdi:

“Əgər biz turizm inkişafından danışırıqsa, turizm film festivalı keçirmək lazımdır. Turizmin inkişafı reklama bağlıdır. Məsələn, mən sədr olanda çox səyahət etdiyimə baxmayaraq  elə yerlərdən filmlər təqdim olunurdu ki, mən o şəhərlərin, şəhərciklərin  adını ilk dəfə eşidirdim. Bu festival Azərbaycana tanıtım verəcək”.

GSR.fm