Paylaş

Bu gün “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev Kishi.az-a müsahibə verib. O bildirib ki, builki yarışda 18 ölkədən 21 komanda iştirak edir:

“ Tour d’Azerbaidjan-2016” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışıdır. Demək olar ki, Asiyadan, Avstraliyadan, Şimali Amerikadan və eyni zamanda Avropadan komandalar var. 3 ölkə iki komanda ilə təmsil olunur. Bunlar İtaliya, Almaniya və Amerika Birləşmiş Ştatlarıdır. Qalan ölkələr hamısı bir komanda ilə təmsil olunur. Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir. Yarışın birinci mərhələsi bu gün Dövlət Bayrağı meydanından start götürür. Təxminən saat 2 üçün velosipedçilər “finish” xəttini keçməlidirlər. Hər komandanın tərkibində 6 velosipedçi olmaq şərtilə, ümumilikdə, 126 velosipedçi var. Yarış 5 mərhələdən ibarətdir. Bu gün Bakı-Sumqayıt, sabah Bakı-İsmayıllı, mayın 6-da Qəbələ-Oğuz-Şəki, Oğuz-Qəbələ marşrutu olacaq. Mayın 7-də Qəbələ şəhərindən start götürməklə, “finish” Pirquluda Vergilər Nazirliyinin tədris mərkəzinin qarşısında olacaq.

Mayın 8-də isə Bakı-Abşeron-Bakı marşrutu, Bakı mərhələsi olacaq. Hər günün müxtəlif nominasiyalar üzrə öz mərhələ qalibi olacaq. Keçənilki yarışın qalibi bizim komandamız olub. Komandamıza ümidlərimiz böyükdür. Ümumilikdə, Azərbaycana 300-dən artıq qonaq gəlib. Bura velosipedçilər, texniki heyət, fəxri qonaqlar, beynəlxalq velosipedçilər ittifaqı və Avropa velosipedçilər Birliyindən kifayət qədər geniş heyətlə adamlar gəlib”.

Qeyd edək ki, ötən il Baku-2015 Avropa Oyunları ilə əlaqədar olaraq, Qəbələ-Mingəçevir marşrutu olub. Amma bu il həmin marşrut dəyişilərək, bu mərhələdə Qəbələ-Şamaxı-Pirqulu marşrutu olacaq.