Paylaş

Azərbaycanda təqdimatı keçirilən türk filmləri haqqında fikirlərini kino prodüsser, ssenarist Orxan Mərdan Kishi.az-la bölüşdü. Onun sözlərinə görə, Türkiyə filmləri özünəməxsusluğu ilə seçildiyi üçün Azərbaycanda maraqla qarşılanır.

“Hər bir ölkənin özünəməxsus kino sahəsi olmalıdır. Necə ki, hind filmləri, koreya filmləri seçildiyi kimi türk filmləri də seçilir, tanınır. Bu gün Türkiyənin filmləri  70-ə yaxın ölkələrdə nümayiş olunur. Filmləri maraqlıdır. Bütün filmlərdən bir ibrət dərsi almalıyıq deyə bir şey yoxdur. Bu kommersiya anlayışıdır. Azərbaycanda nümayişi keçirilən türk filmlərindən də inanmıram ki, biz nəsə öyrənə bilərik. Sadəcə dostlarla gözəl gün keçirmək üçün yaxşı filmlərdir”.

Orxan bəyin sözlərinə görə, türk filmlərinə maraq Azərbaycan filmlərindən daha çoxdur.

“Yerli filmlərin təqdimatı ilə türk filmlərinin təqdimatı arasında böyük fərq yoxdur. Sadəcə onların təqdimatına biletlər pulla satılır, bizim yerli filmlərdə isə dəvətnamələr olur, xüsusi qonaqlar dəvət olunur. Təşkilatçılıq isə təşkilatçının maliyyə gücünə baxır. İnsanların marağına gəldikdə isə onların filmlərinə maraq bizim fimlərdən çoxdur. Nəzərə alsaq ki, bu gün Azərbaycanın 50-60% türk seriallarını böyük maraqla izləyir. Ona görə türk filmlərinin də burada belə böyük ajiotaj yaratması çox normaldır”.

Türk filmlərinin təqdimatına dəvət olunan aktyorlardan danışan kino prodüsser deyir ki, Hollivud aktyorlarının Azərbaycana dəvəti böyük miqdarda pul tələb edir.

“Bizim ölkədə ən çox Hollivud filmləri yayımlanır. Son 1-2 ildə türk filmləri və bəzən rus filmləri olur. Türk filmlərini Azərbaycana gətirən adamın satışdan qazandığı pul onu qane edir. Ancaq digər ölkələrin filmlərinin Azərbaycanda təqdimatı keçirilsə və məşhur bir Hollivud aktyoru dəvət olunsa, bunun üçün həm böyük miqdarda pul lazım olacaq. Amma həmin pulu satışdan çıxartmaq mümkün olmayacaq. Çünki bazarımız balacadır. Ancaq belə bir imkan olsaydı, mən istərdim ki, Azərbaycana Leonardo DiKaprio dəvət olunsun. Məncə, o zaman türk filmlərinə olan maraq öləcək”.