Paylaş

Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulacaq. Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  – “Real” və “Atletiko” üz-üzə gələcək. Oyun haqqında idman şərhçisi Şəmsəddin Abbasov müsahibə verib. O, “Atletiko Madrid”in qalib gələcəyini bildirib:

“Bu komandalar bir neçə il öncə finalda qarşılaşıblar. Orada “Atletiko-Madrid”  göstərdi ki, həqiqətən də, titula layiqdir. Sadəcə, son dəqiqələrdə buraxdığ qol, sonra isə əlavə vaxtda daha bir top komandanın bütün ümidlərinin üstündən xətt çəkdi. Bu dəfə isə, mənə elə gəlir ki, həmin məğlubiyyətdən bir nəticə çıxarılacaq”.

İdman şərhçisi Rövşən Binnətli müsahibəsində söyləyib ki, “Atletiko-Madrid” müdafiədə olduqca güclü oynayan komandadır:

“Amma etiraf edək ki, “Atletiko-Madrid” güc mənasında, “Real-Madrid” ilə ayaqlaşa bilmir. “Real-Madrid” də güclü hücuma malikdir. Ötən mövsümdə bu komandalar arasında olan görüş “Atletiko-Madrid”in son saniyələrdə buraxdığı qoldan sonra oyunu iri hesablı məğlubiyyətlə yekunlaşdırdı. Məncə, bu dəfə “Real-Madrid” bu cür sensasiyanın yaranmasına yol verməyəcək və bu oyundan yenə də qalib ayrılacaq”.

Digər idman şərhçisi Sənan Şəfizadə,  “Atletiko”nun kuboku qazanacağını hiss etdiyini deyib:

“Madrid derbisinin Çempionlar Liqasında çox istəyərdim ki, “Real” qalib gəlsin. Zinəddin Zidana böyük hörmətim var. Qalib gəlsə də,  Zidanın burada payı olacağını demək çətindir. Çünki Zidan komandanı yarıda götürdü. Komanda elə heyyətə malikdir ki, Zidan üçün rəhbərlik etmək həm çətin, həm asandır. Zidan böyük futbolda məşqçilik kariyerasına təzə başlayıb. Çempionlar Liqasında uğur qazanılsa, təkcə Zidanın  əməyidir demək düzgün olmaz. Mən istərdim “Real- Madrid” qalib gəlsin.  Digər tərəfdən isə  Simeone artıq növbəti dəfə finala çıxır və “Atletiko” sevinməlidir.  Hazırda oyun baxımından “Atletiko- Madrid”in baş məşqçisi Devid Simeone dünyanın sayılıb-seçilən üç məşqçisindən biridir. Proqnoz verməyə çəkinirəm. İstərdim “Real” qalib gəlsin, amma hiss edirəm ki, “Atletiko” kuboku götürəcək”.

GSR.fm