Paylaş

“Hazırda insan beynində informasiya o qədər çoxdur və insanları gərginləşdirib ki,  kiçik ailə daxili münaqişələrdə, sevgi münasibətlərdə, hansısa kiçik mübahisələrdə  belə insan depressiv vəziyyətə,  hətta intihar halına gəlib çıxa bilər.”

Bu sözləri psixoloq Murad İsayev deyib. O, depressiyaya düşmə hallarından,  onun yaranma səbəblərindən danışıb:

“Depressiyaya hər birimizin düşmə meylimiz var. İnsan birdən- birə depressiya düşmür.  Ümumiyyətlə, biz müşahidə edirik ki, təkcə depressiya yox, xronikiləşmiş halda depressiv xəstəlikləri, özünə qapanma halları artır. Depressiyaya düşmək üçün səbəblər lazımdır. Öz müşahidəmdən deyə bilərəm ki,  10 il bundan öncə depressiyaya düşmək üçün çox ciddi səbəblər  olurdusa, hazırda depressiyaya  çox kiçik problemdən düşürlər.  Bunlar tədricən ən yüksək həddə çatır və bir anda partlayış baş verir. İndi depressiyaya düşmə halları adiləşib. Sosial tərəfdən baş verən məsələlərin içərisində devalvasiya, hansısa qurum yaxud xarici ölkələr tərəfindən verilən xəbərlər,  sosial şəbəkələrdə verilən neqativ məlumatları göstərmək olar ki,  bunlar  depressiyanı yaradan kiçik səbəblərdir. Hər bir ölkədə devalvasiya da ola bilər, iqtisadi cəhətdən müəyyən problemlər də yarana bilər. Bu kimi məsələlər mətbuatda, sosial mediada həddindən artıq emosional  şəkildə işıqlandırılır. Təbii olaraq, insan belə xəbərləri oxuyarkən stress və gərginliyi artır. İnsanların içində narahatçılıq yaradan səbəblər kimi sosial şəbəkələri görürəm.”

Psixoloq eyni zamanda depressiyadan çıxış yoları barədə söhbət açıb:

“Çıxış yolu kimi bir mənalı olaraq məsləhət görürəm ki, insanlar passiv və oturaq həyat tərzindən əl çəksinlər. Bir insan gün ərzində piyada ən az bir neçə km yol getmirsə, fiziki aktivliyi yoxdursa, bir nöqtədən sonra onlarda depressiv vəziyyət yaranacaq. Ona görə də,  psixoloji, sosial problemləri olan zaman dözümsüzlük göstərəcək. Hər zaman sosial, ictimai problemlər olacaq, sadəcə olaraq dözümlülük göstərib təmkinli olmaq lazımdır.”

GSR.fm