Paylaş

“Heç bir seçim mərhəlsinə komandamız belə uğurla başlamayıb. İki oyun, iki qələbə, altı xal və qrupda Almaniyadan sonra ikinci pillədəyik”.

Kishi Magazine xəbər verir ki, bu sözləri oktyabrın 8-də  baş vermiş Azərbaycan-Norveç oyununu GSR.fm-ə şərh edən idman şərhçisi Sənan Şəfizadə deyib. O, Azərbaycan komandasının inamlı təsir bağışladığını bildirib:

“Erkən qol vurduq və rəqib müdafiəçinin səhvi və Maksim Medvedevin dəqiq zərbəsi ilə hesab açıldı və bu qarşılaşmada yeganə qol oldu. Təəssüf ki, ilk hissədə komandamız o qədər də yaxşı oyun nümayiş etdirmədi, sözsüz ki, müdafiə olunmağımıza görə heç kim bizi qınaya bilməz və bu hesabı qorumaq üçün müdafiə olunmağımız təbii hesab olunmalıdır. Sadəcə ikinci hissədə biz fərqi artırmaq şanslarına malik idik. Rəqib hücuma keçmişkən, əks hücumla rəqibi yaxalaya bilərdik, amma irəlidə çox futbolçumuz olmadğı üçün bunu edə bilmədik”.

Şərhçi komandanın oyun planını da artırmasını istədiyini əlavə edib:

“Sözsüz ki, qələbə olan halda biz komandanın oyunu haqqında yalnız və yalnız yaxşı danışmalıyıq və komandanın oyununa yaxşı demək mümkün olmasa da, nəticə əla idi. Yəni 5-6 il sonra heç kim yadda saxlamayacaq ki, Azərbaycan Norveçə qarşı necə oynayıb. Əsas 1-0 hesablı qələbədir. Amma digər rəqiblər və ya digər komandalar belə səhvləri bizə bağışlamayacaqlar. Norveç komandası asanlıqla orta mərkəzi keçirdi, eyni zamanda bizim futbolçularımız çaşqınlıq içində olurdu. 50-ci dəqiqədən sonra fiziki cəhətdən biraz axsama hiss olunurdu və komandamız topu özündə saxlaya bilmirdi. Bütün bu amillər nəzərə alınmalıdır”.