Paylaş

Əziz oxucular, keçən həftə ağız xəstəlikləri ilə bağlı həkimlərimiziə ünvanladığınız sualların cavabı ilə tanış ola bilərsiniz. Suallarınız “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Sizin də səhhətinizlə bağlı hansısa probleminiz, sualınız varsa, bizə ünvanlamaqdan çəkinməyin.

1. Oxucu sualı: Salam həkim, mən axır zamanlar hər dəfə dişimi fırçalayarkən qanama olur. Bunun olmaması üçün hansı diş məcununu və yaxud təbii müalicə vasitəsin məsləhət görərdiniz?

1. Həkim cavabı: Diş əti qanaxmasının əsas səbəbi dişin üzərində, diş əti üstündə və altında yığılan diş ərpi və diş daşlarıdır. Diş ərpinin və daşların əsas komponenti minerallar və bakteriyalar olduğundan, onların həyat fəaliyyəti nəticəsində yaranan biokimyavi maddələr diş ətini qıcıqlandıraraq diş ətinin qanamasına gətirib çıxarır. Qanamanı aradan qaldırmaq üçün diş ərpi və diş daşları təmizlənməlidir. Bunun üçün stomatoloqa müraciət etmək lazımdır. Xüsusi alətlərin köməyi ilə daşlar və ərp təmizlənəcək. Ev şəraitində və yaxud sadə diş fırçasıyla bunu etmək qeyri mümkündür. Onu da qeyd etmək istərdim ki, bəzən diş əti qanamalarında damağa iynə vurmağı da məsləhət görürlər. Bunu etmək qətiyən olmaz. Diş ətinə və ümumiyyətlə ağız boşluğuna keyləşdirici preparatlardan başqa heç bir iynə vurulmamalıdır. Sadə professional təmizləmə bu problemi aradan qaldırır. O ki, qaldı diş məcunun tərkibi və təbii müalicə vasitələrinə – onlar ikinci dərəcəli amillərdir və professional təmizləmə aparılmadığında müvəqqəti effekt verir və heç bir əhəmiyyət kəsb etmir.

2. Oxucu sualı: Salam həkim, mənim dişlərimdə əyrilik var. Breket taxdırmaq istəyirəm, amma deyirlər onu çıxarandan sonra da dişlər yenidən əyilə bilir. Həm də ağ və dəmir breket olur. Onlardan hansın möəsləhət görərdiniz taxmaq üçün və nə qədər qalmalıdır ki, effektin görə bilim? Hansısa əks təsirləri, dişlərə ziyanı varmı bunun?

2. Həkim cavabı: Salam. Ortodontik müalicə keçən pasiyentlər bəzən müalicə sonunda xoşagəlməz nəticələrlə qarşılaşırlar ki, bunlardan biri də dişlərin yenidən əyrilməsidir. Bu halda toxumaların yaddaşı adlanan bir anlayışdan söhbət gedir. Yəni sərt və yumşaq toxumalar ilkin pozisiyalarını tutmağa meyillidirlər. Bunların qarşısını almaq üçün ortodont reteynerlər və digər fiks edici konstruksiyalardan istifadə edir. Lakin onu da unutmamaq lazımdır ki, ortodontik müalicənin zəruri tələbindən biri də pasiyentin yaşıdır, nə qədər tez xəstə otrodonta müraciət etsə, bir o qədər aparılan müalicədən də razı qalar. Amma bu o demək deyil ki, müəyyən yaşdan sonra ortodontik müalicəni aparmaq mənasızdır. Sadəcə bu daha çox vaxt və əmək tələb edəcək.
Bəli, breketlər müxtəlif materiallardan istehsal olunur və bu da onların estetik xüsusiyyətlərinə təsir göstərir. Məsələn, keramik və sapfir breket sistemləri çox incə olduğundan bəzən onlara çox güc tətbiq etmək olmaz. Lakin onlar dişlərin üzərində görünmədiyindən estetik cəhətdən daha üstündürlər. Metallik breket sistemləri isə, əksinə, çox incə deyillər, ona görə onlara lazımı qüvvəni tətbiq etmək olar. Bundan əlavə linqval breket sistemləri də mövcuddur ki, diş cərgəsinin içəri tərəfindən yapışdırılır və ortodontik müalicə aldığınız tamamilə bilinmir.

3. Oxucu sualı: Həkim, mən dişlərimi hər yemək yeyəndən sonra fırçalasam da, yenə də ağzımdan qoxu əksik olmur. Diş fırçalayandan ən çox 1 saat sonra qoxu hiss edirəm. Bunun səbəbi nədir? Birdəfəlik müalicəsi, dərmanı varmı?

3. Həkim cavabı: Ağızdan xoşagəlməz qoxunun bir çox səbəbdən meydana gəlməsi mümkündür. Əsas səbəb ağız boşluğunun gigiyenasına riayət etməməkdir. Lakin, Siz gün ərzində dişlərinizi ən az iki dəfə fırçalayırsınızsa, deməli problem başqa orqan və sistemlərdən irəli gəlir. Bunlardan burun-bogaz sisteminin xroniki ilihabi xəstəlikləri (tonzillit, rinit), tənəffüs yollarının xəstəlikləri (ağ ciyərin absesi və atelektazı), mədə-bağırsaq sisteminin xəstəlikləri (qastrit, qastroduodenit, mədə xorası), qara ciyər xəstəlikləri ( qara ciyər çatışmazlığı), böyrək xəstəlikləri (nəticədə qanda azotun miqdarının çoxalması baş verdikdə), diabetik ketoasidoz kimi xəstəlikləri sadalamaq olar. Diaqnozu müəyyənləşdirmək üçün qanın ümumi analizi və həkim-terapevtin məsləhəti mütləqdir.

4. Oxucu sualı: Salam, həkim. Mənim dişim ağrayanda keyidici spreylər olur, onlardan istifadə edirəm. Uşaq da indi diş çıxarır, bu çox ağrı verir ona ağlayır. Eyni spreydən onda da istifadə etsəm olarmı? Və ya bu zaman uşaqlar üçün nədən istifadə etməyi məsləhət görürsünüz?

4. Həkim cavabı: Keyləşdirici spreylər yalnız selikli qişa səviyyəsində təsir göstərdikdən, böyüklərdə diş ağrısının aradan qaldırmasına o qədər də təsir göstərmirlər. Uşaqlarda isə diş çıxardıqları zaman onlardan istifadə etmək olar. Lakin acı daddıqlarına görə uşaqlar onları çox da sevmirlər. Bunun üçün xüsusi gellər mövcuddur ki, onların heç bir dadı yoxdur və tərkibində keyləşdirici və sağaldıcı komponentlər var (bunlardan kamistad baby, kalmaqel, mundizal, xolisal kimi preparatları sadalamaq olar, ağızda çoxsaylı yaralar varsa solkoseril denta gelini istifadə etmək olar). Uşağın komponentlərə qarşı allergiyasını əvvəlcədən bilmək lazımdır və bunu aptek işçisinə bildirmək lazımdır. Daha ətraflı məlumat üçün həkim-pediatra müraciyyət edə bilərsiniz.

5. Oxucu sualı: Axır 2-3 ay olar ki, dilimin üzəri ağ ərp ilə örtülüb. Dişlərimi vaxtında fırçalayıram. Öyrənmək istəyirəm bu hansısa xəstəlikddənmi xəbər verir, ya təbi haldır?

5. Həkim cavabı: Dilin üzərindəki yumşaq, trasparant (altında dilin çəhrayi rəngdəki selikli qişasını görə biləcək) dil ərpi norma sayılır. Belə ərp fırçaynan asanlıqla təmizlənə bilər və insana heç bir narahatçılıq törətmir. Ərpin yaranmasına səbəb dərman preparatlarının qəbulu, zərərli vərdişlər, qəbul olunan qida məhsullarının tərkibi də təsir göstərir.
Onu da qeyd etmək lazımdır ki, yalnız dişləri fıçalamaq yetərli deyildir. Dili də fırçayla və yaxud xüsusi qaşıq və dil fırçalarıyla təmizləmək zəruridir. Bəzən ağ ərpin olması patologiya sayılır. Bu halda səbəbini mədə-bağırsaq xəstəlikləri (qastrit, mədə xorası, kolit, enterokolit kimi xəstəliklərdə), bədəndə infeksiyə mənbəyi olduğunda, vitamin çatışmazlığında, daxili orqanların infeksiyasında axtarmaq lazımdır. Bunun üçün həkim-terapevtə müraciyyət etməli və müvafiq analizlər vermək lazımdır.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.