Paylaş

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. 17 gün davam edən mübarizənin yekununda 28 növdə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib. Yekun nəticələrə əsasən, Azərbaycan 87 medalçı ölkə arasında 39-cu yeri tutub.

Bu barədə müsahibə verən idman şərhçisi Sənan Şəfizadə bildirib ki, bu olimpiyada 4 ilin əziyyəti bərəsini verib:

“Yekun nəticə doğrudan da müsbət fikirlər söyləməyə imkan verir. Mən bütün Azərbaycan xalqını və idman ictimaiyyətini təbrik edirəm. Sözün əsl mənasında Rio-2016 bizim yaddaşımızda ilklərlə yadda qaldı. Bir sıra yeni rekordlarımız oldu. Medal sayına görə yeni göstəricilər əldə etdik. 17 idman növü üzrə 56 idmançı ilə təmsil olunduq. Medal sayına görə 15-ci, sıralamada isə 39-cu yeri tutduq. Yekun nəticədə 1 qızıl, 7 gümüş, 10 bürc medaldan ibarət 18 medal əldə olundu. Sözsüz ki, gümüşlərin bəziləri qızıl ola bilərdi. Buna, boksçumuzun final görüşünü, Mariya Stadnikin son saniyə buraxdığı qələbəni, Elmar Qasımovun çex idmançı ilə görüşdüyü finalı misal olaraq göstərmək olar.

İlk dəfə olaraq Taekvando və avarçəkmədə medal qazandıq, boksda final yaşadıq və gümüş medal əldə etdik. Taekvandoda hətta olimpiya çempionumuz var. Radik İsayev Azərbaycana qızıl medal qazandırdı. Ümumilikdə müsbət nəticələrimiz çoxdur. Mariya Stadnik ardıcıl iştirak etdiyi 3 olimpiyadadan medal qazanmaqla Azərbaycan idman tarixində yeniliyə imza atdı. Ümumilikdə Azərbaycan idmançılarının çıxışlarını müsbət qiymətləndirirəm. Bütün olimpiya yığmamızı, onların yaxınlarını, məşqçiləri, hamını təbrik edirəm. Dörd ilin əziyyəti bəhrəsini verdi”.

GSR.fm