Paylaş

Qidalar həyatımızın ən önəmli hssəsini təşkil edir. Havaların isinməyə başlaması ilə detoksa olan təlabat artır, hətta iyun ayından daha da aktivləşəcək. Çünki havalar isindikcə sərinləşdirici içkilərə təlabat artır. “Detoks”un mənası “təmizlənmək” deməkdir. 

Bu barədə Kishi.az-a müsahibə verən diyetoloq terapevt Ləman Süleymanova detoksun orqanizmin toksinlərdən, zəhərli yağlardan azad olunması üçün bir vasitə olduğunu deyib:

“Bura detoks çayları, salatları aiddir. Amma bunlar təbii ki, ev şəraitində sağlam şəkildə hazırlanmalıdır. Detoksun isti fəsilə aid edilməsinə səbəb, isti fəslin təbii nemətlərinin meyvə-tərəvəzlərinin olmasıdır. Detoksun hazırlanmasında istər çay, istər kokteyl, istərsə də salatlarda onlardan daha çox istifadə olunur. Çox təəssüflər olsun ki, müəyyən işbazların hazırladıqları guya arıqlamaq üçün olan detoks çayları apteklərdə satılır. Bunların hamısı kimyəvi zəhərlərdir. Detoks dedikdə müəyyən insanlar var ki, belə vasitələri düşünür. Məsləhət görərdim ki, detoks -təmizləmə ev şəraitində hazırlansın. Mən pasiyentlərimə ev şəraitində hazırlanan çaylar, kokteyllər, salatlar məsləhət görürəm. Təbii ki, bunlar da isti fəslin meyvə tərəvəzləri, göyərtiləri, ədviyyatları ilə rahat hazırlanır. Qış fəsli orqanizmdən yağlı yeməkləri tələb edir. İmmunitetin zəiflədiyi dövr olduğu üçün orqanizmin azuqə, vitamin yığması vacibdir. Qış fəslində də axşam qidalanmağı məsləhət görmürəm. Yay fəslində isə qidaya təlabat azalır. Çünki mayeyə, zərif qidalara olan təlabat artır. Məsələn, yağlı yemək yedikdən yarım saat sonra detoks çayını içə bilərsiniz. Yay fəslində kilolardan daha çox qurtulmaq şansı var. Qış fəslində 1 aya 5 kiloqram çəki itirə biliriksə, yay fəslində mütəxəssis nəzarəti altında 8-9 kiloqram çəki ata bilərik”.

Diyetoloq həmçinin hər pasiyentin orqanizminə uyğun detoks çayları hazırlandığını da bildirib:

“Elə orqanizmlər var ki, onlara detoks ziyandır. Məsələn, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi olan insanların daxilində yara olur. Bu insanlar tərkibində adi zəncəfil olan detoks çayı içsələr, həmin dəqiqə mənfi təsir göstərə bilər. Bu zaman biz həmin insanlara həssaslıqla yanaşırıq. Hamilə qadınlara nəinki detoks, hətta adi yaşıl çay belə qəti qadağandır. Şəkərli diabet xəstələrinə detoks çayları məsləhət görülür. Hətta mənim xüsusi hazırladığım detoks çayları var ki, şəkərli diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulub. Bu çaylar axşamlar qanda şəkəri azaldır, insulin dirənci olanlarda insulini normaya salır. Xüsusi dərmanlar qəbul edən insanlar var ki, onlar detoks qəbul etsələr şok effekti yarana bilər. Bunun üçün detoks etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır”.