Paylaş

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

Kishi.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçin ən böyük gündəlik nəşrlərindən biri olan “Expressen” qəzeti baş səhifədə yayımlayıb. Məlumatda deyilir ki, bir qədər əvvəl müsabiqənin təşkilatçıları tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın da daxil olduğu separatçıların bayrağının konsert zalına gətirilməsini qadağan edən qərar verilib. Sonradan bu qərar ləğv edildi. Yalnız bir şərtlə ki, müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat məqsədilə istifadə olunmasın.

Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını müsabiqə zalına gətirib. Lakin baş verən pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir görərək bayrağı Iveta Mukuchyanın əlindən alıb.

Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.

Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib:

“Biz çox aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik”.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu artıq bir cinayət ola bilər”.

Məlumatlarda o da qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olan regiondur və bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb.