Paylaş

Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Bu barədə GSR.fm-ə müsahibə verən hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın həm müdafiə xəttində, həm də mühəndis baxımından çox ağır zərbələr aldığını bildirdi:

“Faktiki olaraq Azərbaycan Silahlı Qüvvələri bu gün düşmənə elə zərbə vurub ki, düşmən canını qurtarmaq üçün yol axtarır. Əlbəttə ki Azərbaycan Silahlı Qüvvələrinin Madagizdə hərbi bazanın qərargahını məhv etməsi, hətta bunun artıq foto və video görüntüləri də var. Demək olar , düşmən başsız qalıb. Bu, strateji baxımdan çox əhəmiyyətli bir uğurdur. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri bu gün faktiki olaraq Ağdərədə söz sahibidirlər. Ağdərənin işğaldan azad olunması, digər yaşayış məntəqələrin azad olunması zaman məsələsidir. Bu bir və ya bir neçə saatdan sonra ola bilər. Hər halda hadisələrin gedişatından çox şey asılıdır, çünki Ermənistan həm müdafiə xəttində, həm də mühəndis baxımından çox ağır zərbələr alıb. İndi onlar itkilərini iki gündən bir tədricən açıqlayırlar. Bu gün də üç zabitinin həyatını itirməsini təsdiqləyiblər. Azərbaycan Silahlı Qüvvələri bu gün vəziyyətə nəzarət edir. Yeganə düşmənin xain hərəkətləri ondan ibarətdir ki, mülki obyektləri hədəfə alır. Dünən Füzulidə, Ağdamda evlər hədəfə alınıb. Ağdamın əksər yaşayış məntəqələri bu gün ermənilərin vəhşilikləri nəticəsində elektrik enerjisindən məhrum olublar. Bu müharibədir və müharibədə Azərbaycan üzərinə düşən bütün lazım olanları edir. Tanrı Azərbaycan əsgərinə kömək olsun və onlar bu haqq işində öz sözünü deyə bilsin. Mən bilirəm ki Azərbaycan əsgəri nəyə qadirdir və o düşmənə bunu sübut edəcək.