Paylaş

“Miracle” mahnısı “Bayatı şiraz” üzərindədir. Burada bir az sazdan, balabandan istifadə etsəydilər, daha yaxşı olardı. Xarici bəstəkara mahnı həvalə edəndə, ona milli musiqimizi başa salmaq lazımdır”.

Bu sözləri  əməkdar artist Elza Seyidcahan deyib. O, “Eurovision” təmsilçimiz Səmra Rəhimlidən bəhs edib:

“Səmra gözəl qızdır, səhnəyə yaraşır. Hər il deyirəm ki, “Eurovision”da öz milliyimizi bildirməliyik. Mahnını eşidən kimi bilməlisən ki, Azərbaycana məxsusdur. Bir neçə il əvvəl bəstəkarlara bu müsabiqə ilə bağlı mahnılar yazmaq tapşırıldı. Bir çoxları bunu qeyri-ciddi qəbul etdi ki, onsuz xarici bəstəkara ütünlük veriləcək. Mən də həmin vaxt “Tapmaca” mahnımı yazdım, amma seçilmədim. İstəyərdim ki, yerli bəstəkarlarımıza üstünlük versinlər. Dəfələrlə “Türkvision” müsabiqəsinə qatılmışam, həmişə bizim mahnıların bəyənildiyini görmüşəm. Bəziləri paxıllıqdan pisləyirlər. Amma mən hər şeyə obyektiv yanaşıram”.

E.Seyidcahan “Eurovision”a qatılmaq arzusunun olduğunu da gizlətməyib:

“Mən də müğənni kimi o yarışmaya getmək istəyirəm. “Eurovision” səhnəsinə çıxan ifaçı həm pianoda ifa etməyi, həm oxumağı, həm də oynamağı bacarmalıdır. Bunların hamısını eyni vaxtda səhnədə edə bilərəm. Eyni zamanda da səhnə gözəlliyim var. Nə olsun ki, əməkdar artistəm. Alla Puqaçova, Dima Bilan, Patrisiya Kaas kimi ifaçılar bu yarışmada yer alıb. Əminəm ki, mən o yarışmadan birinciliklə qayıdaram”.

Axsam.az