Paylaş

“Yaz fəslində depressiya, xroniki yorğunluq, nevroz kimi hallara çox rast gəlinir. Belə deyək nevrozun bütün kateqoriyaları üçün münbit bir aydır”.

Bu sözləri  psixoloq Murad İsayev yaz aylarında insanlarda rast gəlinən depressiya hallarından danışarkən deyib. O bildirib ki, mart və aprel ayları kifayət qədər çox təsirli aylardır:

“Hətta deyərdim ki, həssas aylardır. İnsanın orqanizmində gedən proseslərin də əhval-ruhiyyəyə təsiri olur. Təbii ki, bir insan nevroza meyillidirsə, ümumiyyətlə nevroz halı varsa, avtomatik olaraq biz bunu seanslarda da müşahidə edirik. Müraciətlərin sayında da görürük ki, insanlar çox narahatlıqlarını bildirirlər. Çünki nəzərə alsaq ki, bizim bir az emosional və metohəssas insanlarımız var. Təbii olaraq iqlimin, mühitin dəyişikliyi, fəslin dəyişikliyi birbaşa insan psixologiyasına mənfi mənada təsir göstərir. Biz ona görə qabaqcadan nevroz olan insanlara və ya xroniki yorğunluğu olan insanlara deyirik ki, qarşıdan mart ayı gəlir. Mart ayında ehtiyatlı olun. Yeməyinizə, qidalanmağınıza, əsasən də yatmağınıza diqqət edin. Normadan artıq və əskik etməyin. Çünki bəzən olur ki, həddindən çox bu fəsildə yatırlar insanlar. Beyin sanki rahatlığı yatmaqdan almaq istəyir. Ancaq məsləhətimiz budur ki, bu fəsildə insanlar maksimum dərəcədə fiziki aktivliyə, düzgün qidalanmaya və düzgün normativ yatmağa üstünlük versinlər. Baxmayaraq ki , orqanizm insanı passivliyə çəkir.Məhz bundan sonra hər şey yaxşı ola bilər”.

GSR.fm