Paylaş

Biz əksərən böyük filosofları dərin və mürəkkəb məfhumlarda yazdıqları əsərlərə görə tanıyırıq.

Sokrat, Aristotel, Makiavelli, Volter və başqalarından söhbət düşdükdə, bir qayda olaraq onların qəliz əsərləri ağlımızdan gəlib keçir. Amma bəs böyük filosoflar, böyük aşiqlər olsaydılar necə? Sıravi insanlar kimi məhəbbətin biganəliyindən, sərtliyindən əzab çəksəydilər bunu necə dilə gətirərdilər? “Nyu-Yorker” jurnalı filosoların uydurma məhəbbət məktublarından çıxarışlar edib.Kişi Magazine Qaynarinfo-ya istinadən materialı Azərbaycan dilində oxuculara təqdim edir.

Bir onu bilirəm ki, heç nə bilmirəm. Biz bir neçə dəfə agorada bir araya gəlib ilahiyyat barədə ümumi düşüncələrimizi mübahisədən keçirmişik, amma mən sənin barəndə çox az şey bilirəm! Sən həmişə mamaçamı olmusan? Sən mənəviyyatı maddi zənginlikdən üstün tutardınmı? Sənin neçə qardaş-bacın var? Mən bir çox şeylər barədə cahiləm, ancaq sevmək sənətinə dair bir şeyi bilirəm: sevmək dayanmadan sual verməkdir, ta ki, digəri çıxıb gedənədək. Davam edimmi? – Sokrat

***

Biz qarşılaşanadək, mən mağaranın dibində tələyə düşmüşdüm, çıxış yolu yoxdu. Amma sən mənim işığım oldun və məni qaranlıqda aydınlatdın. Mən istərdim nə vaxtsa ikimiz mağaradan birgə çıxaq və aydınlanmış mənliklərimizi ziyafət masasında qucaqlayaq. Sonra mənim əziz dostum Diogen ilk gün batışında öz arfasını çalsın, sən mənə qoşulmaq istərdinmi? – Platon

***

Mənə elə gəlir şübhəni aradan qaldırmaq və həqiqəti müəyyənləşdirmək həyati vacib məsələdir. Beləliklə, mən sual verirəm: siz Şahzadə Kristinanın İsveç əlbisəsini hazırlarkən mən sizə baxırdım, siz də mənə baxırdınız, bu, “mən sadəcə olaraq maraqlana bilərəm” tərzində baxış idi, yoxsa sizin baxışlarınızda nəsə başqa bir şey vardı? Əgər cavab vermək istəməsəniz, mən başa düşərəm. Nədə olsa, qeyri-müəyyənlik yeganə həqiqi müəyyənlikdir – Dekart

***

Etiraf etməliyəm ki, sizin qadın hüquqları uğurundakı dəstəyiniz olduqca barizdir. Bunu qadınlar təhsil almalıdırlar deyib mübahisə etdikdə, sizin gözlərinizdən görmək olardı. Bunu biz əmlak kimi alınıb-satılmamalıyıq deyib qollarınız gərginləşəndə görmək olardı. Bunu o gülüşdə görmək olardı (Səmimi desəm, dişlərinizin çoxunun yerində olması elə gözəldir ki). Axşamçağı Milli Assembleyadakı etiraz zamanı görüşə bilərikmi? – Mari Vollstoneskraft

***

Sənin ağlın bəyaz kağız kimidir, əziz qız, ancaq onu biliklə rəngləmək üçün mən buradayam. Sənin ehtiyacın olan yaşlı bir adamdır, o özünün kim olduğunu şüuruyla müəyyənləşdirə və Böyük Vəbadan sağ qurtula bilib. Mən bunların ikisini də etmişəm. İndi isə qorxuram ki, sənin məhəbbətin sürətlə yayılan xəstəlik kimi yoluxucudur, sənin gülüşlərin siçan birəsi infeksiyası kimi keçicidir. Bağışla, bu vəba məni ələ keçirir. Əgər sağ qalsaq, səni yenidən görmək istərdim – Con Lok

***

Bu məktubu oxuyub qurtaran kimi anlayacaqsan ki, “öz” kimi bir konsepsiya mövcud deyil. “Mən” və “sən” adlı bir şey yoxdur. Mövcud olan bizim yaşadığımız duyğulardır: Bervikşirdə mənim ailə evimin həyətində görüşdüyümüz gün: mənim ateist olduğumu biləndə hönkür-hönkür ağlamağın: məndə sinqa xəstəliyinin olduğunu biləndə sənin diksinti dolu baxışların. Mən səni sevirəm və o anlar bizi biz edib. Hyum yumor kimi də görünə bilər (ingiliscədə hume-humour kəlmələri oxşar səslənir – tərcüməçi), amma bu zarafat deyil. – Devid Hyum

***

Əzizim Frank, mən fasiləsizcə sənə meyllənirdim. Sadəcə ona görə yox ki, mənim viza müddətim artıq başa çatmaq üzrəydi, həm də ona görə ki, sənin Amerika üçün hədsiz yaxşı görünüşün var. Obyektivizmə görə xoşbəxtlik həyatın əxlaqi səbəbidir və mən əminəm ki, obyektivləşdirməklə sən məni xoşbəxt edəcəksən. Sən öz idelların əsasında yaşayırsan. Sən müvəffəqiyyəti göylərə qaldırır və hörmət edirsən. Sən yatağının özünə aid olan hissəsində qalırsan. Mənim ehtiyacım olan da budur – Eyn Rend

***

Ah, Emili du Şatle, siz bir röya kimisiniz!

Ümidvaram özünə-inamsız acıdil kişiləri xoşlayırsınız.

Kilsənin dövlətdən ayrılmasından başqa, istədiyim yeganə şey

Axırı ki, sizi görüşə gətirməkdir.

Sizin fizikanı öyrənmək tərzinizdən qəlbim riqqətə gəlir;

Siz “Principia Mathematica”nı çevirəndə, güclə danışıram.

Gəlin alovun elementlərini birlikdə müəyyənləşdirək,

Və sonra kim bilə bilər ortaya nə çıxacaq!

Fransız hökuməti mənim baxışlarımı basqılamağa çalışa bilər,

Ancaq siz mənim əbədi ilham pərim olaraq qalacaqsınız.

İcazə verin sizin parlaq ağlınızı öyrənim,

Və orada nə baş verdiyinə arada bir nəzər salım.

– Volter

***

İcazə ver niyə birlikdə olmalıyıq sualını araşdırım. Əgər Aristotel kişidirsə və bütün kişilər cinsi münasibətdən həzz alırlarsa, onda əlbəttə ki, Aristotel də cinsi münasibətdən həzz almalıdır. Mən bilirəm indi sən nə düşünürsən, sən qorxursan ki, mən səndən seksual obyekt kimi istifadə edərəm. Amma bunun axırı xoşbətliklə bitəcəksə, sən məni günahlandıra bilməzsən. Gəl belə danışaq, saat 9-da görüşək. – Aristotel

***

Biz məna arzusundayıq, eyni zamanda bunu əldə edə bilmirik. Əksinə, biz faciəvi mövcudluğa pərçim olmuşuq, necə ki, mən sənə dalbadal altı məktub yazıb heç bir cavab almadığım dünyanı dərk eləməyə çalışıram. Altı. Başa düşmürsənmi? Mən səni arzulayıram, amma əldə edə bilmirəm. Nəyə görə Absurd məni belə əzir? Mən sənə nəsə bir söz demişəm? Tam ciddi, sən mənə deyə bilərsən. Mən artıq kainatın qəddarlığına, susqun biganəliyinə tab gətirə bilmirəm. Sadəcə bir cavab çox gözəl olardı. Bilirsən nə var? Mənim artıq heç vecimə də deyil. Məni istəmirsən, istəmə. Mən onsuz da tezliklə öləcəm, mənadan xali həyat daha gözəldir. Belə, mən heç vaxt məyus olmayacam. – Alber Kamyu

***

Özünə rəva görmədiyini, başqalarına da rəva görmə. Və mən tam qətiyyətlə özümə yeni bir pərişan görüşü arzulamıram. Eyni meyxanalara yenidən və yenidən getməklə, biz tam, mənalı həyatı necə yaşaya bilərik. Artıq dəyişiklik zamanıdır. Görüşün Qızıl Dövrü hələ bitməyib. Yox, o hələ indi başlayıb. – Konfutsi

***

Sevilmək yaxşıdır, yoxsa sevilməkdən qorxmaq və ya çəkinmək? Mən həmişə qorxmağı daha təhlükəsiz hesab etmişəm, ancaq sizinlə məsələ başqa cürdür. Mən özümdə yenidən inanmaq gücü hiss edirəm, hərçənd, kim kimə axıra qədər inana bilər ki? Nadürüstlük və hiyləgərlik siyasət reallığında təbii ki, faydalıdır, ancaq mən sizinlə dürüst olmaq istəyirəm. İcazə verin, sizə etiraf edim ki, Leonardo da Vinçiylə dost olmuşam. Amma hər halda mən dəyişirəm, buna söz verirəm. İndi artıq 1505-ci ildir. Yeni il, yeni mən! – Nikkolo Makiavelli

***

Bizim köhnə fotoşəklimizə baxıram, ancaq müəyyənləşdirə bilmirəm. Biz barda oturmuşuq və uzaqdakı nəyəsə baxırıq – yadımda deyil, nəyə baxırdıq. Yadımdadır ki, 56-cı ildir. Sən gülürsən və əlində demək olar ki, boş şərab qədəhi var. Sənin əlin zərifcə mənim əlimdədir. Normalda, mən bütün nişanələri bilirəm. Şərab bizim nişanəmizdir, əlbəttə ki, ümidsiz burjua idealı nişanəsidir. Bütün bunlar nə deməkdir? Məncə, biz yaxşı vaxt keçirirdik. Ancaq sən heç vaxt zəng eləmədin. Niyə? Fikirləşdim ki, nəyin səhv getdiyini öyrənmək üçün semiotikləri işə götürməliyəm, amma görünür, mən hələ çox şey öyrənməliyəm. – Roland Bart

***

Mən hələ uşaqlığımızdan səni sevirəm. Mənim ən gözəl xatirələrimdən bəziləri Triyerin küçələrində oynadığımız oyunlarla və gizlicə siyasi liberalizmi birlikdə oxuduğumuz günlərlə əlaqədardır. İkimizi dünya fəhlələri kimi görməklə, fikirləşirdim ki, biz sonra Krombaşer (pivə növü-tərcüməçi) parçı ətrafında birləşə bilərik? – Karl Marks.

***

Əziz, Lou,

Aşağıda sən nəyə görə evlənməli olduğumuza inandığımı göstərən 10 səbəbi tapacaqsan:

1. Mən sənə artıq iki dəfə təklif etmişəm, amma sən rədd etmisən, lakin mən nikbinəm ki, üçüncüsü cəlbedicidir.

2. Sən yeganə qadın psixoanalitiksən ki, mən tamamilə hörmət edirəm.

3. Sən Freydlə yola gedirsən, beləliklə, mən artıq indidən bilirəm ki, sən mənim dostlarımla əlasan.

4. Sən mühafizəm altındakı sevimli intellektualımsan.

5. Sən qadının erotik təbiəti barədə yazmağı və seksual müxtəlifliyin iqtisadiyyatdan daha dərinə işlədiyini sevirsən. Mən də çox maraqlanıram və erotikayla bağlı hər şeydən zövq alıram.

6. Biz ikimiz də böyük İbsenin pərəstişkarlarıyıq.

7. Səndən həmişə xoş qoxular gəlir.

8. Sənin kişiyana marağına və sağlam mürəkkəbliyinə heyranam.

9. Biz ikimiz də səbəbi tənqid etməkdə və obyektiv reallığı inkar etməkdə eyni coşğunluğu bölüşürük.

10. Mən çox tənhayam

—Fridrix Nitsşe

(Julia Edelmanın “Love Voltaire Us Apart: A Philosopher’s Guide to Relationships.” kitabından)