Paylaş

Bu gün 10 Oktyabr dünyada Psixi Sağlamlıq Günü kimi qeyd olunur.

Kişi Magazine xəbər verir ki, bu barədə GSR.fm-ə psixoloq Elnur Rüstəmov müsahibə verib. O, deyib ki, bu psixi sağlamlığın bugünkü həyatımızda nə qədər aktual rol oynadığının göstəricisidir:

“Burada psixi sağlamlıq deyərkən psixi təhlükəsizlik də nəzərdə tutulur. Bu gün dünyada psixi sağlamlıq ilə psixi təhlükəsizlik istiqamətində kompleks işlər aparılır. Həmçinin, fiziki sağlamlıqla paralel olaraq psixi sağlamlığın da insan həyatında vacib rol oynadığı diqqətə alınır. Bu istiqamətdə Azərbaycanda da bir sıra işlər aparılır. 2012-ci ildə Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi yarandı. Keçən ilin oktyabr ayında Səhiyyə Nazirliyinin növbəti əmri ilə xəstəxanalarda klinik psixoloq ştatı açıldı. Eyni zamanda bu gün kütləvi informasiya vasitələrində psixologiyanın gedişi, təblığ olunması, maariflənmə işləri, hər hansı müzakirələrlə psixoloq rəyinin alınması bir daha psixoloji maariflənmənin, psixologiyanın, psixi sağlamlığın insan həyatında önəmli rol oynadığının göstəricisidir. Hər insan özünün fiziki sağlamlığının qeydinə qaldığı qədər, psixi sağlamlığının da qeydinə qalmalıdır. Bu gün aparılan araşdırmalar onu göstərir ki, mövcud olan fiziki problemlərin əksəriyyəti psixoloji faktorlardan yaranır. Misal üçün ürək-damar xəstəlikləri, bəzən diabetin özü, onkoloji problemlər insanda kəskin stressdən sonra baş verir. İntihar halları daha çox depressiya nəticəsində həyata keçirilirir. Bütün bunlar psixi sağlamlığın bizim həyatımızda mühüm rol oynadığının göstəricisidir və hər bir insan onun qeydinə qalmalıdır”.

Elnur bəy, həmçinin, insanların psixi sağlamlığının qeydinə qalması haqqında da danışıb. O, bildirib ki, insanlar informasiya çoxluğundan özlərini qorumalıdırlar:

“Biz İnternet, informasiya əsrində yaşayırıq. Nəticədə gün ərzində lazım olmayan çoxlu informasiya alırıq. Eyni zamanda bu gün İnternet asılılığı geniş yayılıb. Bu da insanın psixi sağlamlığına, əhval ruhiyyəsinə böyük təsir göstərir. Əgər biz İnternet və artıq informasiyadan özümüzü qoruya bilsək, düşünürəm ki, psixi sağlamlığımıza çox böyük töhvə vermiş olacağıq”.