Futbol izləyən və izləməyən kişilər

Paylaş

Meydanın ortasında bir top, bu topun arxasıyca qaçan 22 kişi, bunu kənardan maraqla izləyən minlərlə digər kişilər və futbol haqqında bizimlə ortaq fikirdə olmayan qadınlar. Bəli söhbət futboldan gedir.

Bu haqda psixoloq Təhminə Çələbi Kişi Magazin onlayn jurnalına müsahibə verib. O, bildirib ki, futbola baxdığı zaman kişilər buna komandanın uğuru və yaxud sadəcə bir oyun kimi yox, sırf özlərinin şəxsi qalibiyyəti kimi yanaşırlar:

“Kişilərin azarkeşlik etdiyi komanda qalib gəlsə, bunu bütün həyatındakı qalibiyyət kimi qiymətləndirə bilərlər. Bəzi kişilərdə uşaqlıqdan belə xüsusiyyət var ki, nağıla qulaq asdıqda, hansısa filmə, cizgi filmə baxdıqda özlərini baş qəhrəman kimi hiss edirlər.  Bu zaman onlarda qəhrəmanlıq, qalib gəlmək hissi baş qaldırır. Bununla da onlar öz eqolarını sübut etmiş olurlar. Kişilərin keçirdiyi  bu hisslər futbola baxdığı zaman da özünü göstərir. Hətta bu zaman sevincdən emosional ağlamalar ola bilir. Amma qeyd edim ki, bunu bütün kişilərə şamil etmək olmaz. Futbola etimadsız yanaşan kişilər də mövcuddur”.

Təhminə xanım həmçinin futbola baxan və baxmayan kişilər arasında olan fərqlərdən də danışıb. O, qeyd edib ki, burada maraqlardan və mühitdən çox şey asılıdır:

“Əgər uşaq gözünü açandan atasının azarkeşliyini görürsə, atası onu özü ilə müəyyən futbol yarışlarına aparırsa, uşağında buna həvəs yaradırsa bu onda patoloji olaraq davam edir. Elə insanlar var ki, 45-50 yaşı var, çox ciddi bir işdə işləyir, amma boş vaxtında dostları ilə yığışıb futbol oynayırlar. Buraya həm də o aiddir ki, yeniyetməlik yaş dövründə oğlanların pərəstiş etdiyi insanlar adətən futbolçular olur. Yəni, hər kəs onları sevir, azarkeşlik edir, onları lider,  qəhrəman bilirlər. Onlar bir qolla bütün insanları sevincdən ayağa qaldırmağı bacarır. Bütün bu qeyd etdiklərim futbolsevər kişilərə aiddir. Sevməyənlərdə isə daha başqa maraqlar olur. Ola bilər ki, evdə atası futbol izləməyən olub. Bu genetik olaraq çox keçir, çünki mühit insana qarşılıqlı olaraq təsir göstərir. Bu həmçinin uşağın emosional dildə daha sakit  təbiətli olmağından da irəli gələ bilər ki, futbola qətiyyən marağı yoxdur və maraq duyduğu sahələr tamamilə bunun əksidir. Yəni, bu insanların emosional olub olmamağından, onların enerjisinin hansı yöndə olduğundan  da irəli gələ bilir”.