Paylaş

Futzal üzrə Azərbaycan millisi dünya reytinqində irəliləməkdə davam edir. Serbiyada keçirilən Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra 11-ci yerə yüksələn Azərbaycan yığması daha bir pillə irəliləyib.

Futzal Azərbaycan millisinin nailiyyəti ilə bağlı fikirlərini idman şərhçisi Rövşən Binnətli Kishi.az-la bölüşüb. O  qeyd etdi ki, çex oyunçularına qalib gəlməklə futzalçılarımız vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

“Futzal milli komandamızın Avropa çempionatında çıxış etməsi artıq neçənci dəfədir. Bu təbii ki, sevindirici haldır. Bəziləri qeyd edirdi ki, millimiz heç qrupdan çıxa bilməyəcək. Ancaq futzalçılarımız özlərində güc taparaq çex komandası ilə oyundan  qalib ayrılmaqla bu vəzifənin  öhdəsindən layiqlə gəldilər. İtaliya komandası ilə oyunda da futzalçılarımız özlərini çox yaxşı göstərdilər. Müqayisə üçün deyək ki, İtaliya komandası çex futzalçıları ilə oyunda çox asanlıqla və böyük hesabla  qələbə qazandılar. Ancaq futzalçılarımız çex oyunçularını məğlub etməklə qrupdan çıxdılar. Qrupdan çıxandan sonra  biz çox istəyərdik ki, futzalçılarımız yarım-finala adlasınlar, ancaq alınmadı. Hər halda komandamızın nailliyyətini müsbət qiymətləndiririk. Yaxın gələcəkdə bir dənə arzu olunan cəhət o ola bilər ki, komandamızın heyətində azərbaycanlı futzalçıların üstünlük təşkil etdiyi bir yığma komanda təşkil olunsun. Ümid edirəm ki, bu istiqamətdə irəliləsələr, buna da nail olmaq olar. Çünki futzalı  heç də böyük  futboldan az sevmirlər. İdmançılarımız da daha yaxşı çıxış edirlər. Xüsusilə bu çempionatda qapıçımız Rövşənin uğurlu oyununu göstərmək olar ki,  o Avropa çempionatında təhlükəli zərbələri dəf etmək baxımından rekord əldə etdi” .