Paylaş

Həkim kosmetoloq Günel Şükürova yay aylarında saçlara qulluq haqqında  müsahibə verib. O bildirib ki, günəş şüalarının saçlara həm mənfi, həm də müsbət təsiri var. Bu mövsümdə bəzən günəş şüaları nəticəsində saçlarda qırılmalar əmələ gəlir, rəngli saçlarda isə saç boyasının solğunlaşması baş verir.

“Duzlu su bəzi hallarda saçlara xeyirli olsa da, çox zaman saçlarda tökülmə və kəpəklənməyə səbəb olur. Buna görə də, çimərliklərdən istifadə zamanı çalışmaq lazımdır ki, saçlar çox islanmasın. Əgər islanarsa dərhal təmiz su ilə yuyulmalıdır.”

Günel xanım eyni zamanda baş dərisinin quru və yağlı olmasından asılı olaraq onlara mütəmadi qulluq haqqında da danışıb:

“Saçlara düzgün qulluq göstərmək üçün ilk növbədə onların növləri – yağlı və ya quru olması müəyyən edilməlidir. Baş dərisi yağlı olarsa bu zaman həftədə iki dəfə olmaqla saçları limonlu su ilə yaxalamaq olar. Bu vasitə saçların tez-tez yağlanmasının qarşısını alır və parlaqlığını bərpa edir.

Quru saçlara isə gənəgərçək və badam yağlarının qarışığından istifadə edərək qulluq etmək mümkündür. Hər yağdan 2 x.q götürülüb qarışdırılır. Həftəfə bir və ya iki dəfə əvvəlcə saçların ətəklərinə daha sonra, diblərinə çəkilməsi məsləhət görülür. Bir saat saxlanıldıqdan sonra iliq su ilə yuyulmalıdır”.

GSR.fm