Paylaş

GSR.fm-in “Sosial Mən” verilişinin qonağı olan psixoloq Təhminə Çələbi güvən hissinin cütlüklər arasındakı rolundan danışıb:

“Bəzən güvənsizlik qarşı tərəfdə olan problemdən irəli gəlmir. İnsanın öz daxilində güvənsizlik hissi olur. Ola bilər ki, evdə valideynlərinə də güvənmir. Ümumiyyətlə, heç kimə güvənmir və ən önəmlisi özgüvəni yoxdur. Özgüvəni aşağı olan insanların qarşısındakı insana güvənməsi mümkün deyil. Bu zaman isə qarşısındakının heç bir günahı yoxdur. Həmin vaxt insan o güvəni özündə kəşf etməlidir. Güvən üçün biraz zaman və insanı tanımaq lazımdır. Zamanla hər iki tərəf bir-birinə o güvəni verə bilirsə, deməli, bu münasibət daha uzunömürlü olacaq”.

Psixoloq, insanların güvənini qazanmaq üçün nələr edilməli olduğunu deyib:

“Hər bir halda suallara biraz səmimi cavab verməlidirlər. Belə deyək, kartları açıq oynamaq olazımdır. Təbii, maraqlıdır ki, keçmiş həyatında nələr baş verib və yaxud hansı planları var, nələri sevir. Belə olduqda, hər iki tərəf üçün də daha rahat olur. İnsan səmimi olduqda, güvən istər-istəməz yaranır. İnsan öz-özünə inandığı üçün səmimi danışa bilər. Beləliklə, digər insanlar da ona səmimi yanaşır. Çünki səmimiyyət emosiya olaraq insanlara köçürülür”.