Paylaş

“Hamilə olanlar bilməlidir ki, hər bir orqanizmin alergik fonu var. Adam var ki, adi yod belə ona təsir edə bilər”.

Bu  sözləri hamiləlik zamanı dərman vasitələrinin hamilələrə təsiri ilə bağlı müsahibəsində cərrah, mama-ginekoloq  Pərvanə Mahmudova deyib. O bildirib ki, həkim nəzarəti olmadan heç bir dərman qəbul etmək olmaz:

“Kimlərinsə məsləhət görüb “yaxşıdır” dediyi dərmanın təsirləri ağır ola bilər. Bundan başqa  apteklərdə dərmanların saxlanma temperaturu  dərmana təsir göstərə bilər, dərmanların  tərkibində natamamlıq ola bilər. Hamıya adi gələn həblər hamilələrə  alergik təsir göstərə bilər. Əgər hamilə qadının əzələ tonusu böyükdürsə, əlavə olaraq zob xəstəliyi, kardioloji, mədə-bağırsaq  problemi varsa, bu zaman həkim məcburdur ki, bu hamiləliyi normada saxlamaq üçün o biri problemləri də müalicə etsin. Bu gün Azərbaycanda hamilə qadınların ən böyük problmelərindən biri qan laxtalanmasıdır. Bu zaman dərman preparatlarından istifadə olunur ki, ciftdə  qan dövranı getsin.

Hər hamiləyə fərqli  yanaşılmalıdır. Bundan əlavə hamiləlikdən öncə həkim müayinəsindən keçmək mütləqdir. Əgər onun harmonal problemi varsa,  hamiləlik vaxtı bu daha da kəskinləşə bilər. Ona görə də əvvəlcədən  ürəyinin müayinəsindən tutmuş dalağına, qarın boşluğunda ultrasəs müayinəsindən keçməlidir. Qadınlar var ki, sağlamlıqlarına fikir vermirlər, hamiləlik zamanı problemlər ortalığa çıxır. Bu zaman ginekoloq qadının problemlərinə uyğun olaraq kardioloq, nevropatoloq, endikrinoloqla birlikdə  işləməlidir ki, hamiləlik uğurlu keçsin”.

GSR.fm