Paylaş

Yay ayları yaxınlaşdıqca insanlar daha çox gözəl bədən quruluşuna sahib olmaq barədə düşünməyə başlayırlar. Bunun üçün müxtəlif pəhrizlərə və fitness salonlarına üz tutanlar olur. Biz də şəhər sakinlərindən sağlam arıqlamaq üçün nə etdiklərini soruşduq:

Əfran Qurbanov: Sağlam arıqlamaq üçün ilk növbədə dietoloqa müraciət etmək lazımdır. Dietoloq bu yolda sizə bəzi məsləhətlər verəcək və siz də bu məsləhətlərə əməl edərək məqsədinizə çata bilərsiniz.

Aysu Kərimova: Sağlam arıqlamağın yollarını əslində çox yaxşı bilirəm, özüm bunu bacarmasam da. Düzgün qidalanma, çox hərəkət, bol su, günü çalışmaq lazımdır ki, daha rəngli keçirmək. İnsan psixologiyası bunu tənzimləməlidir. Ümumiyyətlə insan sağlam qidalandıqda, düzgün formada da qala bilir.

Turxan Məhərrəmov: Sağlam arıqlamaq üçün yağlı yeməklərdən uzaq gəzmək lazımdır. Yağlı yeməklər insanı kökəldir. Daha sonra, məncə, düzgün qidalanma rejimini tətbiq etmək lazımdır. Bir də yatmaq vaxtını təyin edib, normada yatmaq lazımdır. Zalda olan üstünlüklər evdə yoxdur. Ona görə də, zalda arıqlamaq daha məqsədə uyğundur.

Səbinə Qasımova: Birinci olaraq, az yemək lazımdır. Məncə, axşam altıdan sonra yeməmək, ancaq meyvə yemək bəs edər. Təbii ki, idman da etmək lazımdır. Tək idman etməklə olmur. Həm idman etmək, həm də az yemək lazımdır.

Fitness  sağlam və qamətli olmaq üçün yerinə yetirilən idman məşqlərinə deyilir. Digər bütün idmanlardan fərqli olaraq, əvvəlcə  əzələlərin tək-tək alətli, ya da alətsiz işlədilməsi ilə möhkəmləndirilməsi və gücləndirilməsi məqsəd qoyulur. Fitness məşqçisi  Şakir Xanbutov bildirir ki, fitness formasını almaq üçün mütləq idmanla bərabər pəhriz də saxlamaq lazımdır:

“Siz trenajorla məşğul ola-ola, həm trenajor, həm aerobika,  üstəlik düzgün pəhriz saxlayarkən sizdə qəşəng fitness forması əmələ gəlir. Ona da bir az vaxt lazımdır. Camaat istəyir ki, tez bir zamanda olsun. O da tez bir müddətdə olmur. Ona aylar, illər lazımdır ki, bədən formalaşsın. Mənim fikrimcə, idman üçün ən gözəl vaxt gündüz və  günortadır. Mənə elə gəlir ki, gündə bir dəfə yaxşı məşq  bəs  edir. Ya səhər, ya da günorta fərq etməz, kifayətdir. Əgər vaxtınız yoxdursa, axşam da edə bilərsiniz.

sekil2

İnsanlar birdən-birə idmana başlayır, yaxşı idman edərkən həmin ərəfədə insanda iştaha açılır. O müddətə insanlar çoxlu qidalanmağa başlayırlar.Yəni, çoxlu çəki yığanda dəri çatdıra bilmir. Çəki birdən çox qalxır və ondan sonra çatlar əmələ gəlməyə başlayır. Yaxşı olardı ki, idman edə-edə düzgün şəkildə az-az yeyib, tez-tez yeyəsiniz ki, bədən yavaş-yavaş böyüsün”.

Tibbi ekspert Adil Qeybulla isə fitnesslə məşğul olmağın insan sağlamlığına təsirlərindən danışır:

“İnsan həmişə fiziki fəallıq şəraitində olmalıdır. Çünki biz qida qəbul edirik, bu müəyyən bir kaloridir və bu kalori orqanizmdə sərf olunmalıdır və yanmalıdır. Nə qədər fiziki aktivlik aşağıdırsa, nə qədər  daxili olan kalori sərf olunan kaloridən çoxdursa, o qədər də xəstəliklər daha çox olur və insan ömrünün qısalması daha çox müşahidə edilir. Dünyanın hər yerində kütləvi idman növləri tətbiq olunur. Yəni kütləvi idman çox mühümdür. Hesab edirəm ki, idmanla məşğul olmaq çox mühümdür. Aerobika, fitness, müxtəlif idman növləri var ki, bu gün kütləvi şəkildə onlardan  istifadə etmək, heç nə tapmadıqda ən azı gündə bir neçə kilometr gəzmək tövsiyyə olunur”.

GSR.fm