Paylaş

Müvəffəqiyyətli olmaq, bir şeyi bacara bilmək, təqdir edilmək, sevilmək, barmaqla göstərilmək – bunlar iş həyatında hər kəsin əldə eləmək istədiyi şeylərdir. İş yoldaşlarımızdan eşitdiyimiz “Gözəl iş!” sözü belə motivasiya edir insanı. Təcrübəçi olduğumuz zamanlarda gördüyümüz işlərə və indi gördüklərimizə baxanda arada olan inkişaf gözlərimizin yaşarmasına səbəb olur. Bəs, bu inkişafın qızıl qaydaları nələrdir?

  1. Təkcə pul qazanmaq üçün işləmək olmaz.

Çalışın sevdiyiniz işlə məşğul olun. Həyatınızın sonuna qədər eyni işi görəcəyinizi fərz etsək, o zaman sevdiyiniz işi görməli və hər bazar ertəsi “Yenə mi bazar ertəsi?” sualını özünüzə verməyəcəyiniz bir iş tapmaq lazımdır.

  1. Gördüyünüz işə dəyər verin.

Hər nə edirsinizsə edin, məsuliyyətli olun. Sizin gördüyünüz o asan iş başaqasının işini çox rahatlaşdıra bilər. Yəni, əsas olan sizin gördüyünüz işin mükəmməl olması deyil, komanda çalışması olmasıdır.

  1. “Vəzifə dəlisi” olmayın.

Əsas olan vəzifənin artması, daha çox pul qazanmaq deyil, işi doğru şəkildə, doğru zamanda etməkdir. Bəlkə də indi vəzifəniz sizi qane etmir və ya daha yüksək vəzifə istəyirsiniz. Amma doğru olan zamanda doğru addım atsanız gələcəkdə daha çox uğur əldə edə bilərsiniz.

  1. Hara gedəcəyinizi dəqiqləşdirin.

Həyatınız boyunca bir hədəfiniz olsun. Bu hədəflər bu gün işi bitirəcəm kimi hədəflər deyil. Daha böyük, daha yüksək hədəflər təyin edin və bu, hər zaman ağlınızda olsun. Həvəsdən düşəndə bu hədəfi tez-tez təkrar edin.

  1. Hər gün yeni nələrsə öyrənmək üçün vaxt var.

7/24  işləmək sizi təbii ki, həvəsdən salar. Amma hər gün araşdırmalar edərək işinizdə bir addım önə keçə bilərsiniz. Qısası təcrübənizə təcrübə qatarsınız.

  1. İzləmək də öyrənməyin bir parçasıdır.

Ətrafınızda sizdən daha təcrübəli insanlar varsa onlarla ünsiyyət qurun, onlara suallar verin. Hər gün yeni nələrsə öyrənməyə çalışın və özünüzü inkişaf etdirin.

  1. Təcrübələrinizi göstərməkdən çəkinməyin.

İclaslarda fikir bildirməkdən çəkinməyin. Çox gülməli olan bir fikir belə sonrasında maraqlı bir mövzu ola bilər. Çəkinməyin, aktiv olun.

  1. Planla hərəkət etmək hər şeydən önəmli olmalıdır.

İş həyatında bəzi günlər yorucu, bəzi günlər isə əksinə olur. Bunun səbəbi bəzən yeni yaranan işlər, bəzənsə əvvəlki işlərin düzgün sıralanmaması ola bilər. Buna görə bir az ehtiyatlı davranaraq nəyi nə zaman təhvil verməli olduğunuzu bilməli və işinizi rahat, planlı şəkildə görməlisiniz. Belə olan halda həm digər işlərinizə də vaxt qalar, həm də zamanınızı səmərəli istifadə edərsiniz.

  1. Həvəsinizi özünüz öldürməyin.

Böhranlar, çətinliklər, səhvlər ola bilər. Nəticə etibarilə iş həyatıdır. Burada açar olan söz qətiyyən imtina etməməkdir.

  1. Göründüyünüz kimisiniz.

Kimisə görəndə hər necə olursa olsun ilk olaraq onun geyimlərinə baxırsınız. Digər insanlar da sizə bunu edir. Buna görə də sizi insanlara xarici görünüş və geyiminiz təqdim etməlidir.