Paylaş

Avropa Çempionatının 1/4 final mərhələsində bugün İslandiya və Fransa komandaları üz-üzə gələcək. Bu qarşılaşma haqqında idman şərhçisi Rövşən Binnətli müsahibəsində bildirib ki, ola bilsin bu oyundan sonra İslandiya mübarizəni dayandırsın:

“İslandiya nağılı” çoxdan başlanan bir nağıldır və hələ də davam edir. Hər dəfə də İslandiyanın uğurlarını “Bu sonuncudur” deyə qarşılayıblar. Ancaq islandlar öz yollarında inamla irəliləyə-irəliləyə final mərhələsinə də vəsiqə qazandılar, burada qrup mərhələsini də dəf etdilər, 1/8 finalda bu komandanın qarşısına İngiltərə kimi bir komanda çıxdı. Onun şansını çox aşağı dəyərləndirdilər. Amma islandlar bütün proqnozları alt-üst edərək ingilisləri mübarizədən kənarlaşdırdılar.  İndi də hər kəs deyir ki, islandlar indiyə qədər etdiklərini fransızlarla edə bilməyəcək. Əlbəttə, ilk baxışda bu fikirlə razılaşmamaq olmur. Ola bilsin ki, bu oyundan sonra İslandiya mübarizəni dayandırsın. Amma bu, fransızlara çox çətinliklə başa gələcək. Burada bir məqamı qeyd etmək lazımdır ki, Fransa 1/8 oyununu ötən bazar günü keçirib. Düz bir həftə istirahət vaxtı qazanıb. Bunu bəzi mütəxəssislər komandanın üstünlüyü kimi dəyərləndirirlər. Amma belə turnirlərdə uzun müddətli fasilə heç də xeyirli tərəfdən qiymətləndirilmir. Əslində, 4 gün ən optimal istirahət hesab olunur. İslandlar fransızlardan bir gün az istirahət ediblər. Bu da ola bilsin ki, müəyyən bir rol oynasın. Ancaq islandların fransızlarla görüşdə gözəl, məzmunlu oyun nümayiş etdirəcəyinə əminəm.  İslandiya uduzsa da, turniri başıuca tərk edəcək, fransızlara layiqli müqavimət göstərəcək”.

GSR.fm