Paylaş

Yəqin, hər biriniz razılaşarsınız ki, kabab biz kişilər üçün əvəzedilməz yeməklərdən biridir. Xüsusən də bayram günlərində, əlamətdar hadisələri qeyd etdiyimiz zaman süfrəmizdə nə olmasa da, kababın olması bizim üçün əsas şərtlərdəndir. Bu yeməyin dadından əlavə onun bişirilməsi də eyni dərəcədə zövq aldığımız məşğuliyyətdir. Amma bəzi hallarda yaşadığımız şərait (xüsusən də əgər bina evində yaşayırsınızsa) bizi kabab çəkmə zövqündən məhrum edir. Buna görə də indi sizə ətraf mühitə heç bir mənfi təsir göstərmədən, qonşuları narahat etmədən evdə hazırlaya biləcəyimiz kabab resepti- qazan kababının hazırlanma üsulu haqqında məlumat verəcəyik.

Qazan kababını hazırlamaq üçün bizə lazımdır:
1,5 kq. ət
100-150 qr. quyruq
1 kq. soğan
1 çay qaşığı duz
1 çimdik acı istiot
2 çay qaşığı zirə
1 dəstə keşniş
1dəstə şüyüd

Yeməyimizi hazırlamağa əti tikə-tikə doğramaqla başlayırıq. Doğrayıb qurtardıqdan sonra ona ağız dadımıza uyğun olaraq duz, istiot, zirə vururuq.
Başqa bir qabda isə soğanı təmizləyib halqa və yaxud yarımhalqa formasında doğrayırıq. Göyərtini yuyub xırda-xırda doğrayırıq.

Quyruğu ət kimi xırda formada doğrayıb əvvəlcədən qızdırdığımız qazanın dibinə düzürük. Bunun üzərinə əvvəldən hazırladığımız ət tikələrinin bir hissəsini, daha sonra soğanı və göyərtini səpirik. Sonra yenə ət döşəyir, hazırladığımız ərzaqlar bitənə qədər layları təkrarlayırıq. Üzərinə isə acı istiot səpir və ya bir balaca qırmızı acı istiot qoyuruq.
Yeməyin yaxşı bişməsi üçün onu orta istilik dərəcəsində qazın üzərinə qoyur, bişməsi üçün qazanın üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyuruq.
Bundan sonra etməli olduğunuz əsas iş ətin yağa düşəcəyi məqamı gözləməkdir. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır. Bu səsi eşitdiyiniz zaman qazanın qapağını açın, yeməyi az qarışdırıb qapağını örtüb daha 5-10 dəqiqə bişirin.
Beləliklə, yeməyimiz süfrəyə servis edilmək üçün hazırdır. Zövqünüzə uyğun olaraq qazan kababını süfrəyə verdiyiniz zaman üzərinə nar dənələri səpə bilərsiniz.

Nuş olsun!