Paylaş

“SSRİ dövründə bir neçə dəfə Bakıda olmuşdum. Həmin dövrdə Azərbaycanın ən güclü komandası “Neftçi” idi və azarkeşlər bu klubun oyunlarına baxmağa gedirdilər. Yadımdadı, Respublika stadionu həmişə dolu olurdu”.

Bu sözləri “Mançester Yunayted”in və Rusiya yığmasının sabiq futbolçusu Andrey Kançelskis deyib.

Karyerası ərzində İngiltərə, Şotlandiya, İtaliya və Səudiyyə Ərəbistanında legioner həyatı yaşamış keçmiş yarımmüdafiəçi moscow-baku.ru saytına müsahibə verib.

İkiqat İngiltərə və Şotlandiya çempionu, Avropa Superkubokunun qalibi Bakı ilə bağlı da danışıb. O, söhbət əsnasında Azərbaycanda çalışmaq istədiyini də dilə gətirib: “Bakıda dostlarım çoxdu və indi də tez-tez bu şəhərə gedirəm. Bakı həddindən artıq gözəlləşib. Həmişə oraya getdiyimə görə şad olmuşam. Artıq 3 dəfə Azərbaycan toyunda iştirak etmişəm. Azərbaycan mətbəxi dünyanın ən yaxşıları sırasındadır. Ən əsas isə bu ölkədə insanların isti münasibətidi. Məmnuniyyətlə Azərbaycanda məşqçi işləyərdim”.

Qeyd edək ki, 2 il öncə Kançelskisin Azərbaycana səfər çərçivəsində “Bakı” klubunun bazasına baş çəkməsi bəzi söz-söhbətlərə səbəb olmuşdu. Onun paytaxt təmsilçisinin “sükanı arxası”na keçəcəyi yönündə xəbər yayılmışdı. Lakin Kançelskis Rusiya mətbuatına açıqlamasında Bakıya şəxsi işlərinə görə gəldiyini bildirərək, həmin məlumatı təkzib etmişdi.

Məşqçiliyə 2009-cu ildə başlayan Kançelskis karyerası ərzində “Torpedo-ZİL”, “Ufa”, “Volqa”, “Yurmala” (Latviya) və “Solyaris” klublarını çalışdırıb.