Paylaş

“O deyir ki” rubrikasında bu dəfəki həmsöhbətimiz Azərbaycan şou-ulduzlarının əksəriyyətinin idman məşqçisi kimi tanınan Kamil  Zeynalovdur.

Onunla söhbətə kişilərin bədən quruluşundan, problemlərindən danışmaqla başlayırıq. Müsahibimizin sözlərinə görə, yalnız məşq zalına getmək vacib deyil. Əsas olan düzgün məşq etməyi bacarmaqdır.

– Ümümiyyətlə, insan özünə hərtərəfli fikir verməlidir. Fərqi yoxdur evlidir, subaydır, ya yaşlıdır. Kişi isə xüsusi ilə hər zaman özünə baxmalı, özünü sevməli, əzizləməlidir. Deyirlər, kişinin qarnı, bığı olar. Onlar öz yerində, amma bunun da bir ölçüsü var, yeyib içməyin də, özünə baxmağın da. Kişi vaxtında yuxudan durmalı, səhər də daxil olmaqla 3-4 dəfə qidalanmalı, günün əvvəlində və sonunda işi ilə bərabər məşq etməlidir.

Bəzi kişilər fikirləşir ki, məşq zalına getməklə ideal bədənə sahib olmaq olar. Özümə, orqanizmimə nə qədər əziyyət versəm də, əsas olan odur ki, tez zamanda istədiyim bədən quruluşuna qovuşum.Bu yalnış fikridir, çünki ən birinci vacib olan can sağlığıdır. Can sağlam olandan sonra istənilən nəticəyə gəlmək olar.  Ən çox cavan yaşda oğlanlar idmanla məşğul olmağı sevir. Çünki sevdikləri qızın yanında yaraşıqlı görsənmək istəyirlər. Bir də nə vaxt ki, görürlər ayaqqabını geyinəndə əyilib qalxmaq çətin olur, nəfəs almaqda çətinlik çəkirlər, onda başa düşürlər ki, idmanla məşğul olmaq lazımdır.

İdeal bədənə sahib olmaqdan danışdınız. Bəs ideal bədən quruluşuna sahib olmaq üçün hansı idman növünə müraciət etmək daha məqsədəuyğundur?

– Hansı idmana gedirsən get, ən əsas istəklə yanaşmaqdır. Bədənin düzgün formada formalaşmağı trenajordan başlayır. Güləş, sambo, karate hansı idman növü ilə maşğul olursan ol, istəklə yanaşdığın halda bir müddət sonra bədənin idmançının bədən quruluşuna oxşayacaq.

 

Düzgün bədən formasının alınması üçün idmanla yanaşı daha nələrə  fikir verilməlidir?

– İdmanla yanaşı, qida rasionu da düzgün olmalıdır. Səhər yox, günorta oyandınsa, günorta yeməyini axşama saldınsa və s. bu kimi hallarda bədəndə rejim pozğunluğu əmələ gəlir. Bu zaman isə, düzgün bədən forması çətin alınacaq.

Çox vaxt kişilər məşqi dayandırdıqdan sonra kökəlməklərindən şikayətlənirlər. Buna səbəb nədir?

– Bəli, bu doğrudur. Səbəb isə ondan irəli gəlir ki, idman bədəni rejimə salır. İdmanı atandan sonra isə müəyyən bir sixemə əməl edilmədiyi üçün bədən formasını itirir. Bu o deməkdir ki, idmana qayıtmaq lazımdır.

Söhbətimizə proteinlərdən, onların xeyirli, ziyanlı cəhətlərindən danışmaqla davam etdik. İdmançının sözlərinə görə, tez-tez belə fikirlər eşidir ki, proteinlər orqanizm üçün zərərlidir. Amma onlar ziyanlı olsaydı, satışına icazə verilməzdi.

– Əksinə, protein çox lazımlı və xeyirlidir. İdmana gedən adam gündə 4-5 dəfə yemək yeyir, zülalları bədənə qəbul edir. Bu proteinlərdə isə zülallar, vitaminlər cəmləşib. Həmin vitaminlər bədənə çatdırılır və orqanizm inkişaf edir. Əgər onların ziyanı olsa, satışına icaz verilməz. Proteinin yaş həddi isə 15-16 yaşıdır. Əsasən 16 yaşdan sonra məşqə başlayanlara protein məsləhət görülür. Amma bəzən də olur ki, 16 yaşından açağı uşaqların da içməsində problem görmürük. Əgər onlar ağırlıq qaldırma ilə məşğul olurlarsa, sümüklərin bərkiməsi üçün içməlidirlər.

Yalnız tərkibində hansısa zərərli kimyəvi maddələr olan dərmanları qəbul etmək məsləhət görülmür.  Çünki onlar qara ciyərə, böyrəyə ziyan vururlar.

Məşqçi eyni zamanda düzgün pəhriz saxlama qaydaları, boy və çəki uyğunluğu haqqında da məsləhətlər verir:

– Çəki atmağın 70%-i pəhrizdən, 30%-i isə məşqdən aslıdır. Çoxları isə fikirləşir ki, əgər mən pomidor, xiyar, qreçka yeyirəmsə, deməli, pəhriz saxlamış sayılıram. Amma bu heç də düzgün fikir deyil. Çünki bütün orqanizmlər bu qidaları qəbul etməyə bilər. Onun üçün də çalışmaq lazımdır ki, pəhiz zamanı dietoloqla məsləhətləşəsən. Əks halda pəhriz sona çatdıqda mədə sallanması, baş gicəllənməsi baş verir, qastrit və digər xəstəliklər yaranır. Həkimlə məsləhətləşməklə yarana biləcək bu kimi xəstəliklərin qarşısını almış oluruq.

Belə bir yalnış fikir də var ki, boy neçədirsə, çəki də ona uyğun olmalıdır. Əslində isə boy və çəkinin üst-üstə düşməsi vacib deyil. Məsələn 1,65 sm boyda, çəkinin 50 kq olması vacib deyil. O zaman üzdə batıqlar əmələ gəlir, lazım olan bədən forması itir. Əsas olan insana yaraşan çəkidir.

Qadınların idman zallarında məşq etməsi birmənalı qarşılanmır. Buna sizin bir məşqçi kimi münasibətiniz necədir?

– Hər dövlətin öz qanunu olduğu kimi, hər ailənin, hər kişinin də öz qanunu var. Ona hörmətlə yanaşmaq lazımdır. Zalda sərbəst yanaşma deyilən bir şey var. Qadınlarla münasibət, yeri gələndə qışqırmaq və s. Bu da ola bilsin ki, kənardan kişilərin xoşuna gəlmir və zala getməyə icazə vermirlər.

“Zala qadın girəndə, elə bil hərbi hissəyə qadın daxil olur”

– Əvvəllər 1 idman zalı var idi: qadın, kişi eyni zalda məşq edirdi. Zala qadın girdikdə elə bil hərbi hissəyə qadın daxil olurdu. Hamının fikri o qadına yönəlirdi. Məsələn 40 kilo ağırlıq qaldıran kişi qadın zala daxil olarkən, artırıb eliyirdi 80 kilo.  Lakin indi qadın, kişi idman zalları ayrıdır. Belə narahatlıqlar da aradan qaldırılıb.

Şou aləmi nümayəndələrindən daha çox kimlər sizə müraciət edir?

– Demək olar ki, bütün müğənnilər idman sahəsində məndən məsləhət alıblar. Başda Aygün Kazımova, Röya olmaqla 90% müğənni yanıma gəlib. Hansı idman avadanlığını alım? Necə arıqlayım?  Necə kökəlim? tipli məsləhətlər alırlar. Çoxları da bir müddətlik məşğul olur. Yalnız köklükləri və ya arıqlıqları kompleksə halına çevriləndə məşq salonlarına müraciət edirlər, lakin bir müddət sonra bədəndə ağrılar başlayanda yorulur və şəşqdən boyun qaçırırlar.

Məşhurlardan kimin bədən quruluşunu ideal hesab edirsiniz?

– Bədən forması normal olanlardan Emil Bədəlov, Elçin Cəfərov, Elçin Hüseynovu misal göstərmək olar. Elçin Hüseynov 3-4 ayda 28-30 kilo çəki atdı.

“10 kişini Nazpəri xanımın yanına məşq eləməyə qoysan, çatdıra bilməz”

– Xanımlardan isə, Nazpəri Dostəliyeva iradəli xanımdır, güclü məşq edir. Şou-biznesdən 10 kişini Nazpəri xanımın yanına məşq eləməyə qoysan, çatdıra bilməz. Elza Seyidcahan da həmiçinin, həm məşq zalında, həm evdə məşğul olur. Bu iradəsinin sayəsində o 1 ay yarıma 12 kq çəki atıb. 99% müğənni isə yarıda qoyub gedir. Bu da təbii haldır. Gərgin iş şəraiti, yorğunluq üst-üstə gəldikdə idmana ayırmağa vaxt olmur.

İndi isə ailə münasibətlərindən danışaq. Sizin fikrinizcə ailənin ideal olması üçün əsas amillər hansılardır?

– Mənim ailəm mənim üçün ideal ailədir. Çünki ailəmdə ideal hesab etdiyim bütün keyfiyyətlər var. Ailədə 3 xanım var: anam, həyat yoldaşım, qızım. Anam mənim üçün idealdır. Həm yemək tərəfdən, həm ana kimi vaxtı vaxtında mənimlə, həyat yoldaşımla, qızımla maraqlanır.(gülür. “Görürsünüz yeməyi birinci dedim”). Həyat yoldaşım xanəndə olsa da, həmişə mənimlə, övladımla, işimlə maraqlanır. Heç bir şikayətimn yoxdur. Mənim fikrimcə, xanımda hər şeydən əvvəl ailəcanlılq olmalıdır, o ailənin problemləri ilə maraqlanmağı, ailəsinə vaxt ayırmağı bacarmalıdır.

Həm işi, həm ailəni biryerdə idarə etmək üçün nələr lazımdır?  

– Ailədə hər şey öz axarında gedərsə, iş də onunla paralel gedər. Bir tərəfdən ailə, bir tərəfdə iş düzgün qurularsa, heç bir problem yaranmaz. Təbii ki, hər ailədə problemlər olur. Lakin əsas olan qadın və kişinin bir birini başa düşməsidir.

Sizin üçün güclü qadın necə olmalıdır?

– Həyatda gördüyüm ən güclü qadın mənim anamdır. Mənim həyatda bu yerə çatmağımda anamın rolu böyükdür. Anamın güclü olmağının mənim həyatımda böyük yeri var. O yüzlərlə kişidən iradəli və güclüdür.

Mənim həyat yoldaşım da güclü qadındır. Mən bu qədər qadınla işləyirəm, ünsiyyətdə oluram. Yoldaşım təbii ki, bu qadınları qısqanır, lakin dözürsə, o nəyəsə məcburiyyətdən yox, ailəsinə olan sevgisindən, gücündən  bunları edir.

“Güclü qadından qorxmaq yox, onunla dost olmaq lazımdır”

– Bəzi kişilər düşünür ki, qadın nə qədər güclü, ağıllı olsa, ondan bir o qədər qaçmaq lazımdır. Mən isə fikirləşirəm ki, güclü qadından qorxmaq yox, onunla dost olmaq lazımdır. Çünki qadın güclüdürsə, hər şeyə qadirdir. Bəzi kişilərdə olmayan güc, qeyrət namus o qadında var. Güclü qadından yaxşı mənada istifadə etmək lazımdır.

Sonda isə, həmsöhbətimiz kişilərə öz məsləhətini verir:

– Fikrimcə, kişi üçün həyatda ən önəmli məsələ onun ailəsidir. Kişilərə də məsləhət görərdim ki, hər zaman ailələrinə diqqət yetirsinlər, vaxtlı vaxtında ailələrinin problemləri, narahatlıqları ilə maraqlansınlar. Kişi hər nə etsə, axşam ailəsının yanına qayıtmalıdır. Dostlarım məni görüşə dəvət edəndə ilk olaraq maraqlanıram: ailəmdə hansısa problem yoxdur ki? Xanımımın, qızımın, anamın indi təcili mənə ehtiyyacı varmı? Əgər onların mənə ehtiyyacı varsa, nə qədər vacib işim çıxsa təxirə salıram. Çünki kişinin evdə olmağı qapıda 10 qıfılın olmasından daha vacibdir.

Hazırladı:
Duyğu Qasımlı