Paylaş

Bu dəfəki müsahibimiz çoxlarının N-brothers qrupundan tanıdığı Əbdül Xaliddir. Onunla müsahibəyə sənətə ilk gəldiyi vaxtlardan söhbət açaraq başlayırıq:

– Sənətə qrup daxilində oxumaqla başlasam da, artıq hər hansı bir qrupda oxumaq istəmirəm. Amma buna baxmayaraq, gələcəkdə qrup yaratmaq fikrim var. Ətrafımda iki xanımla qrup yaratmaq məncə yaxşı olar. Artıq duet oxumaq da istəmirəm. Çünki duet oxumaq həm təqdimat üçün, həm də məclislərdə çıxış edərkən tərəf müqabilinin kimliyindən asılı olaraq problemlər yaradır.

“Özümü şou-biznes nümayəndəsi hesab etmirəm” deyən müğənni şou-biznesin qayda-qanunlarına uyğunlaşa bilmədiyini deyir. Və:
– Şou-biznesi mən bataqlıq hesab edirəm. Çünki şou-biznesdə özünə hörmət etməyən, ikiüzlü və mənəviyyatsız insanlar çoxdur. Müğənnilər var ki, qalmaqalla, davayla gündəmdə qalmağa çalışırlar. Mən bu kimi hərəkətləri özümə yaraşdırmıram. Belə şeylər mənlik deyil.

Əbdül Xalid mentalitetin həyatımızda rolundan danışır. Müğənninin özünün hansı mental dəyərlərə önəm verdiyini soruşuram.
– Kişi olan bəndə hər şeyə fikir verməlidir. Çünki indi elə bir çətin həyatda yaşayırıq ki, boşanmalar, problemlər çoxalıb. Bütün bunların hamısı günümüzdə qadınların hüquqlarının genişləndirilməsindən yaranır. Bəzən kişilər şikayət edirlər ki, xanımım yaxşı deyil. Mənim fikrimcə xanımın yaxşı olmaması kişidən asılıdır. Deməli, o ailədə stabilliyi qura bilmir. Mental dəyərlərə gəldikdə isə dədə babadan nə görmüşüksə, odur. Nəyimiz varsa, kökümüzdə var. Gələcəkdə heç nə yoxdur, getdikcə də bataqlığa gedirik. Beləcə ailənin dəyəri ölür. Ailə müqəddəsdir. Müğənnilər var ki, ailəsiylə reklam olunur. Başa düşmürəm bu nəyə lazımdı axı?! Sən kişisən axı. İndi kişilik qalmayıb, vallah. Hər şey ucuzlaşıb.

Bəs sizcə ailədə ər öz xanımına qadağalar qoymalıdırmı?
-Təbii ki, ailədə xanıma müəyyən qadağalar qoyulmalıdır. Deyirlər, ehtiyatlı igidin anası ağlamaz. Söhbət inamsızlıqdan getmir, inamsızlıq olsa, sən ailə qurmarsan. Amma ailədə müəyyən sərhədlər vardır, hansı ki, onları aşmamalısan. Sərhədləri ilk gündən xasiyyətini göstərməklə qoymaq lazımdır. Münasibətlər yalan üstündə quruldusa, vəssalam. Qadın kişinin qoyduğu şərtlərlə nə dərəcədə razılaşırsa, ailədə sərhədlər də o dərəcədə qorunur.

 Hansı şərtlərdir bunlar?
– Məsələn, evin ağsaqqalı gələndə oğul ayağa qalxırsa, xanımın nə ixtiyarı var onu etməyə?! Xanım getdiyi evin ab havasını götürür. Kişi evdəkilərə necə hörmət qoyursa, xanım da bunu etməyə məcburdur. Mən oğulun xanımının yanında atasının üstünə qışqırmasını qəbul etmirəm. Sən belə edirsənsə, sənin yoldaşın sənin valideynlərinə necə hörmət hörmət qoysun? Bu artıq kişilik deyil.

Söhbət qadın kişi münasibətlərindən açılmışkən, sizcə, ideal ailə necə olmalıdır?
– İdeal ailə mənim aləmimdə dədə-babadan necə gəlibsə, elə olmalıdır. Bu sənətdə ideal ailə modeli bir az çətin məsələdir. Məsələn, mən efirdə ailəmi işıqlandırmağı sevməmişəm və sevmirəm də. İdeal ailə odur ki, öz xanımına, öz övladına hörmət etməlisən.
Bəziləri də deyir ki, ailə quran zaman madiyyat önəmli deyil, amma mən maddiyatı ideal ailə həyatı yaşamaq üçün önəmli hesab edirəm. Çünki subay olanda öz əlin, öz başın, öz cibin olur. Ailə qurduqdan sonra isə artıq sənin ailən, uşağın var və problemlər artır. Maddiyyat ailədə önəmlidir. Uşağın bağçaya, məktəbə getməyi, gələcəyi düşünülməlidir.

Qadına necə? Hansı peşəni yaraşdırmırsınız?
– Mən belə düşünürəm ki, qadın elə bir sənətdə çalışmalıdır ki, ancaq öz ehtiyaclarını qarşılaya bilsin. Mən qadının səhər gedib, axşam gəlməyinə və bunun nəticəsində ailəsinə lazımi qaydada diqqət göstərməməyinə yaxşı münasibət göstərmirəm. Məncə, ailəni kişi dolandırmalıdır. Kişi soğan çörəklə də olsa, ailəsini saxlamalıdır. Qadın kişidən çox pul qazanmamalıdır. Konkret olaraq isə qadın üçün müğənnilikdən söhbət gedə bilməz.

Bəs sizin sənətiniz ailənizə problem gətiribmi?
– Sənətim ailəmə heç bir problem gətirmir. Mən həmişə evdə də, efirdə də yüngüllük, özünü apara bilməmək kimi artıq-əskik hərəkətləri pisləmişəm. Arada düşdüyümüz mühitdən asılı olaraq müəyyən problemlər yaranır. Olur ki, həyat yoldaşım problem yaratmaq istəyir, amma təbii ki, yarada bilməz. Çünki yenə deyirəm, təməl var.

Ailədə yaranan problemlərdən danışmışkən qız dostlarınız varmı?
– Qız dostlarım var, inanın ki, min kişiyə dəyərlər. Onu da deyim ki, qız dostlarım ilə ailə qurduqdan sonra əlaqələrimiz arasında əvvəlkindən fərqli olaraq müəyyən sərhədlər qoyulur. Olur ki, zəngləşirik, soraqlaşırıq. Bunları da normal hesab edirəm. Çünki mən bu işin içindəyəm.

Bəzi insanlar düşünür ki, sənətçi ailəsində yaranan problemlərdən biri də fanatların olmasıdır. Bu fikri sizin ailənizə də şamil etmək olar?
– Əvvəlcə onu deyim ki, fanat anlayışı ümumiyyətlə mənə çatmır. Mənim fanatlarım 30 yaşdan yuxarı insanlardır. Mən 16-17 yaşlı insanların publikasını işləməmişəm. Xarakterim, ifam, janrım o tərzdə deyil. Həmişə istəmişəm ki, insanlar mənə hörmət etsinlər. Ən ucuz, ən qlamur yerdə otursan da, əsas odur ki, efirdən baxanda özünə qarşı antipatiya yaratmayasan.

Sənətiniz baxımlı olmağı tələb edir. Sizcə, baxımlı kişi necə olmalıdır?
– Çoxları mənə deyir ki, sən geridə qalmısan. Mən müasirliyi bəyənmirəm. Mənim aləmimdə kişidə kişi görkəmi olmalıdır. Yenə də deyirəm, hər şeyin təhəri olmalıdır. Bu gün mənim xarakterimdə cırıq cinsi geyinmək yoxdursa, dünyagörüşüm o deyilsə, mən onu geyinməməliyəm. İnsanın özü necədirsə, xarici görünüşü, geyimi ona bağlı olmalıdır.

Xalid, necə düşünürsünüz Azərbaycan kişisi digər xalqların kişisindən hansı xüsusiyyəti ilə fərqlənir?
– Əvvəllər Azərbaycan kişisi dediyi sözü ilə fərqlənirdi . Çünki əvvəllər kişinin sözünün kəsəri olub. Azərbaycan kişisi həmişə fərqli olub: qürurlu, mərd, qeyrətli, namuslu. Yenə də var elələri. Azərbaycan kişisi bir kişilik məktəbidir, kişilik akademiyasıdır. Azərbaycan kişisinin sözü bir olmalıdır və kişini kişi edən də həmişə onun ailəsidir. Ailə kişinin baş ucalığıdır.

Sonda oxucularımıza sözünüz?
– Cinsiyyətindən asılı olmayaraq mən bütün oxuculara həyatda həmişə kişi kimi yaşamağı, kişi kimi verdikləri hər sözü tutmağı arzulayıram.