Paylaş

Qadınlara qarşı  kişi zorakılığı barədə psixoloq Təhminə Çələbi öz fikirlərini Kishi.az-la  bölüşdü.

Psixoloqun sözlərinə görə, kişilərdəki zorakılığa meylilik uşaqlıqdan qaynaqlanır:

“Kişilər öz ata, babasının davranışlarını evdə təkrar etməyə başlayırlar. Bu zaman da belə nəticələr ortaya çıxır. Psixoloji travmalar alan kişilər ailəsində xanımına qarşı aqressiv davranışlar göstərir. Çünki, gözünü açır və qarşısında iki etalon insan görür: qadın və kişi. Ailədə oğlan uşaqları atasının davranışlarını özünə götürür. Bu, insanlarda 7 yaşına kimi şüuraltı olaraq baş verir. Qız uşağı isə ailədə bunu görürsə, gələcəkdə öz ailəsində də bunu norma kimi qəbul edir. Oğlan uşaqları da bu davranışı düzgün qəbul edir”.

Təhminə xanım zorakılığın qarşısının alınması üçün məsləhətlərini də söylədi:

“Kişi dayanmadan fiziki təzyiq göstərirsə, mütləq psixiatr, psixoloq, psixoterapevtə, nevroloqa müraciət edib əsəblərini müalicə etmək lazımdır. Çünki heç bir əsəbləri normada olan insan bu hərəkətləri vərdiş halına gətirib etməməlidir. Edirsə, artıq orada patologiya var. Bəzən fiziki təzyiq göstərən insanlar ailə terapiyalarında bildirir ki, o bunu özündən asılı olaraq, bilərək etmir. Əsəbiləşir, vurur, amma daha sonra peşman olub gəlib üzr istəyirlər. Müalicə edilərsə, bu hallar aradan götürülür. Ayrılmağa, boşanmağa tələsmək lazım deyil. İnsanlara psixoloji yardım almağa kömək etmək lazımdır”.