Paylaş

Prostat vəzi xərçəngi diaqnozu vaxtında qoyulduqda həyatınıza təsir etməyəcək və yaşamınızı olduğu kimi davam etdirə bilərsiniz. Ancaq bu, müəyyən müalicələr əsasında baş verə bilər. Kishi.az aile.lent.az-a istinadən prostat xərçəngi və onunla mübarizə haqqında bəzi məlumatları təqdim edir.

Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsinin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla kişilərin cinsi fəaliyyəti və nəsil artırmasında müstəsna rol oynayır. Yaşla birlikdə böyüklüyü artaraq sidiyin ifrazında problemlər yaratmağa başlayır. Amerikada aparılan araşdırmalar sübut edib ki, prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növüdür. Xərçəng diaqnozu qoyulan hər üç kişidən birində prostat xərçəngi olur.

Risk faktorları

1. Prostat xərçəngində ən önəmli risk orta və sonrakı yaş dövrləridir. 45 yaşdan aşağı olan insanlarda daha az rast gəlinir. Yaş artdıqca isə bu xəstəliklə qarşılaşma faizi yüksəlir.

2. 100 yaşına çatmış kişilərin belə, hamısının prostatında özünü göstərməsə də xərçəngə rast gəlinir.

3. Atası və ya qardaşında prostat xərçəngi olan insanlarda riskin artması ailə faktoru ilə bağlıdır.

4. Heyvani yağlarla zəngin və həddən çox ətlə qidalanma da prostat xərçəngi riskini artırır.

5. Yaponiyada bu xəstəliyə az, Amerikada isə çox rast gəlinir. Bu fakt isə pəhriz mövzusunu bir daha gündəmə gətirir.

 

Əlamətləri

1. Prostat xərçəngi əlaməti olmayan xəstələr sidiklə bağlı problemlər, sidikdə qan, bel, omba ağrılarından həkimə müraciət edə bilərlər.

2. Sidiyə getmə ilə bağlı problemlər, sidiyə gedə bilməmək, sidiyə getməkdə gecikmə, tez-tez sidiyə getmək, gecələr sidiyə getmək üçün oyanmaq, sidik axımında zəiflik, sidiyə kəsik-kəsik getmək formasında da ola bilər.

3. Yuxarıda sadalananlar xərçəng xaricində prostat xəstəlikləri ilə də bağlı ola bilər. Mövzu ilə bağlı uroloqa da müraciət etmək olar.

Diaqnoz

1. 45-50 yaşında olanlar daxil olmaqla bütün kişilər ildə bir dəfə prostat müayinəsindən keçməlidirlər.

2. Qanda PSA (Prostat Spesifik Antigen), ultrasəs, sidik axını testiylə prostat müayinəsi ilə qoyulan diaqnoz sizin həyatınızı xilas edə bilər.

3. Prostat xərçəngindən şübhələndiyiniz vaxtı biobsiya vasitəsilə qoyulan diaqnozdan sonra müxtəlif müalicə üsulları tətbiq edilir. Bu müalicələr vasitəsilə xəstəlik aradan qaldırılır.

Sonda qeyd edək ki, prostat xərçəngi diaqnozu vaxtında qoyulduqda həyati risk daşımır. Vaxtlı-vaxtında uroloji müayinələrlə özünüzü bu xəstəlikdən qoruya bilərsiniz.