Paylaş

İnglis publisisti və dramaturqu Vilyam Xezlit deyib ki, kişidə yaxşı xasiyyət ömrün sonuna qədər ən dəyərli sərvətdir. Bəs görəsən məhşurların fikrincə, əsl kişidə hansı 3 xasiyyət mütləq olmalıdır?
Cavid Osmanov: Əsl kişi üçün vacib olan xasiyyətlər haqqında geniş müzakirə etmək olar. İlk növbədə kişinin gərək xarizması olsun. Əsl kişi insanlarla münasibətdə və ünsiyyətdə özünəgüvən yarada bilməlidir, özünə hörmət qazana bilməlidir. Yüksək iradəsi olmalıdır. Kişi gərək istənilən çətinliyə dözə bilsin, sınmasın. Kişinin sınması çox pis olur və onun fəsadlarını aradan qaldırmaq mümkün olmur. Siyasətçi olmalıdır kişi, hər vəziyyətdə siyasət işlədərək hadisələri öz xeyrinə çevirə bilməlidir.
Aynur Hüseynova: Təmkinli olması – Bu kişiyə səbrli və nəzakətli olmağa, əsəbləşməməyə, xanımının nazı ilə oynamağa və s. kömək edəcək. Qeyri-spontan olması – Beləliklə, kişi standartdan və stereotiplərdən uzaq bir insan olacaq. Bu tip kişilərdən bezmək olmur, onu hər dəfə yenidən kəşf edirsən. Diqqətcil olması – Doğum günləri, yeni saç rəngi, son dəfə geyindiyi ətək, hamısı yadında qalırsa və hər şeyə diqqət yetirirsə, bu xanımlar üçün motivasiya olur. Biz qadınlar günü-gündən daha da gözəlləşmək istəyirik, amma kişi bunun fərqinə varmayanda maraq itir.
Nigar İbrahimova: Əsl kişi qayğıkeş olmalıdır, xarizmalı olmalıdır və əsl kişinin insanlığı olmalıdır.
İlkin Həsəni: Kişiliyin qızıl qaydaları var və bu hər ölkə üçün, hər xalq üçün dəyişir. Həm də bugün kişiliyi pulla, var-dövlətlə ölçürlər bəzən, ancaq milyonları olub kişilik hissindən məhrum olan insanlar var. Fikrimcə Azərbaycan üçün əsl kişi dediyini edən olmalıdır, etdiyini deyən yox. Əsl kişi ailəsinə və sevdiklərinə qarşı diqqətcil olmalıdır. Əsl kişi mərd olmalıdır və geriyə baxmadan mərd addımlar ata bilməlidir.
Sevinc Çılğın: Kişilik, kişilik, kişilik… Əsl kişiyə ən vacib olan xasiyyət elə kişilikdir, həmin xasiyyət içində o qədər məna ehtiva edir ki…
Bəhram Bağırzadə: Kişi imanlı olmalıdır, imanlı olsa hər şey yaxşı olacaq. Namuslu, qeyrətli olmalıdır kişi, bu halda o vətənini sevəcək, ailəsini sevəcək, valideynlərini sevəcək. Kişi ailəcanlı olmalıdır və daima ailəsinin qayğısına qalmalıdır.
Roza Zərgərli: Əsl kişi sözünə əməl edən olmalıdır, dediyi sözün üzərində durmağı bacarmalıdır. Mərhəmətli və sadiq olmalıdır və kişinin təbii olaraq əli gətirməlidir, qazana bilməlidir.
Elza Seyidcahan: Kişinin gərək kişi kimi xasiyyəti olsun ki, o ailəsində də, işində də, cəmiyyətdə də özünə yer tapa bilsin.