Paylaş

Bu gün futbol üzrə DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulacaq. Tur çərçivəsində Azərbaycan millisi də növbəti oyununa çıxacaq. Komanda səfərdə Çexiya millisi ilə qarşılaşacaq.

Azərbaycan-Çexiya oyun haqqında müsahibə verən idman şərhçisi Sənan Şəfizadə bildirir ki, Çexiya komandası da Norveç yığması kimi əvvəlki əzəmətini itirib:

“Bu gün milli komanda növbəti, 3-cü oyununa çıxacaq və səfərdə Çexiya ilə qarşılaşacaq. Bu o demək deyil ki, biz Çexiyanı asanlıqla udacağıq. Nəzərə almaq lazımdır ki, rəqib komandanın meydanında qarşılaşacağıq. Əgər bu görüşdə komandamız qrup mərhələsi üçün 1 xalı qazanarsa, çox yaxşı olacaq. Müəyyən mənada ümidlərimiz və arzularımız davamlı olacaq. 1 xal qazansaq kifayət edəcək. Çünki nəzərə alsaq ki, Çexiya komandası son oyunda Almaniyaya uduzub. Bir qədər əsəbidirlər, narahatdırlar. Onlar öz meydanlarında Azərbaycanı udmalıdırlar ki, azarkeşləri də sonuncu oyundan sonra onları bağışlasın. Düşünürəm ki, Azərbaycan millisi üçün oyun çox çətin olacaq. Fikrimcə Prosineçki taktiki dəyişikliklər edəcək. Emin Mahmudovu meydana buraxıb, fərqli taktika ilə oynamaq olar. 90 dəqiqə müdafiədə dursaq vətənə xalla qayıdacağımıza inanmıram”.

Sənan bəy ən azı bu günə qədər azarkeşlər arasında bayram ab-havasının davam etdiyini vurğulayıb. O, əlavə edib ki, hər kəs artıq qələbələrin davamlı olacağını və xalların artmasını gözləyir:

“Hətta komandamızın çempionatın əsas mərhələsində oynamağa namizəd olduğunu düşünən azarkeşlər də var. İnam yaxşıdır, inam uğurun yarısıdır, amma biz hələ işin yarısının yarısını etməmişik. Çünki qarşıda bizi 8 oyun gözləyir və artıq bir vəsiqənin Almaniyaya gedəcəyini deyə bilərəm. Bir yer Almaniyanındır, amma digər yerlər üçün mübarizə aparacağıq. Bunu nə qədər bacaracağıq, bu suala iki oyundan sonra cavab vermək olar. İki oyundan iki xal ala bilsək, arzularımız arzu olaraq davam edəcək. Amma ala bilməsək vəziyyət dəyişəcək. Azarkeşlər də aydın məsələdir ki, qələbə artdıqca daha yaxşı nəticə gözləyirlər”.