Paylaş

“Müntəzəm olaraq meditasiya ilə məşğul olmaq fərqindəliyi yüksəldir, stressi azaldır, bədəni gümrahlaşdırır”.

Bu sözləri Reiki Master, OTH(Opening the heart) programı üzrə təlimçi Sevinc Çələbi meditasiya barədə məlumat verərkən deyib. O bildirib ki, meditasiya zehni sakitləşdirmək, ona öz həqiqi funksiyasını geri qazandırmaq məqsədilə istifadə edilən effektli yollardan biridir:

“Meditasiyanın təmiz havada və səhər saatlarında edilməsi məqsədəuyğundur. Heç zamanınız yoxdursa, yatmamışdan əvvəl edə bilərsiniz. İşləyirsinizsə, sakit yer tapıb bir neçə dəqiqəlik də olsa, gözlərinizi yumaraq diqqətinizi nəfəsinizə cəmləyin”.

Sevinc xanım eyni zamanda meditasiyanın növlərindən də danışıb:

“Meditasiyanın növləri çoxdur, lakin bunların hər birində əsas məqsəd düşüncələrdən ayrılıb bütün diqqətini özündə toplamaq, varlığının fərqinə varmaq, iç hüzuru duymaqdır. Əgər səhər və ya axşam vaxtınızı ayıra bilirsinizsə, sakit bir yerdə dik vəziyyətdə bardaş qurub oturun. Əllərinizi açıq vəziyyətdə dizlərinizin üzərinə qoyun. Gözlərinizi yumun. Nəfəsinizi hiss etməyə çalışın. Diqqətiniz sadəcə nəfəsinizdə olsun. Burnundan dərin nəfəs alın. Təsəvvür edin ki, parlaq, ağ işığı nəfəsinizlə bərabər içinizə çəkirsiniz. Ağciyərləriniz tamamən o işıqla dolur. Sonra yavaş – yavaş o işığın bütün bədəninizə yayıldığını hiss edin. Stress və neqativ düşüncələri qaranlıq kimi təsəvvür edin. Ağzınızdan nəfəsinizi verin və o qaranlığın nəfəsinizlə birlikdə çıxıb getdiyini gözünüzdə canlandırın. Ciyərlərinizi tamamən boşaldın. İçinizdəki o qaranlığın tamamən silinib getdiyini hiss edənəcən nəfəs alıb verməyə davam edin. İndi artıq bədəniniz ağ işıqla dolub, bu vəziyyətdə meditasiyanı davam etdirin. Sonda yenə diqqətinizi nəfəsinizə toplayın. Bir neçə dəfə burundan dərin nəfəs alın, ağızdan yavaş – yavaş nəfəsinizi verin və gözlərinizi açın”.

Sonda isə müsahibimiz qeyd edib ki, meditasiya ilə gündəlik məşğul olduqda müsbət nəticələr əldə olunur:

“Müntəzəm olaraq (hər gün ən az 10-15 dəqiqə) meditasiya ilə məşğul olmaq fərqindəliyi yüksəldir, stressi azaldır, bədəni gümrahlaşdırır. Meditasiyaya bir müddətlik stressdən azad olmaq üçün nəzərdə tutulmuş texnika kimi baxmaq bizə istədiyimiz nəticəni verməyə bilər. Həyatla harmoniya yaratmaq məqsədi ilə gündəlik ehtiyac olaraq mütləq 10 dəqiqə də olsa etməyə başlasaq düşündüyümüzdən də gözəl nəticələr əldə etdiyimizin şahidi olarıq”.

GSR.fm