Paylaş

“İş müsahibəsinə gedən zaman mütləq CV-də olan məlumatların açıq variantı özünüzdə olsun. Getməmişdən öncə danışacağınız sözləri praktiki olaraq məşq etməyiniz vacibdir. Danışıq zamanı özünüzü düzgün təqdim etmək lazımdır. İlk danışdığınız zaman özünüzü necə təqdim edirsinizsə, bədən dilinizi də danışığınıza uyğun edin”.

Bu sözləri fərdi inkişaf mütəxəssisi Tamara Əliyeva deyib. O, bildirib ki, müsahibə zamanı siz işçi olaraq həmin müəssisəyə nə qədər vacib olduğunuzu ifadə etməlisiniz:

“Müsahibə zamanı xüsusi incəliklər var. Müsahibəyə gedən insan incəliklərə, yəni necə danışmasına, necə nəfəs almasına, hansı sözlərdən istifadə etməsinə, özünü necə ifadə etməsinə diqqət etsə, qarşısındakı insanla ahəng qurmuş olacaq. Bu ahənglə yanaşı onun səs tembri qarşı tərəfi qıcıqlandırmayacaq. Eyni zamanda qarşı tərəfin bədən dili haqqında az da olsa bilmək lazımdır. Məsələn, müsahibə alan ola bilər ki, həmin gün qarşısındakı insana fikir verməsin, başını aşağı salsın. Mütləq bu hissədə müsahibə verən şəxs duruşu və səs tembri ilə qarşısında olan şəxsi özünə cəlb etməlidir ki, ona baxılsın, sözü dinlənilsin. Jestika müsahibə zamanı vacib məsələlərdən biridir. Əllər çölə açılmış şəkildə danışılmamalıdır. Əllər sinədən aşağıda, qollar isə bədəndən aralı olmayacaq şəkildə danışa bilər. Qarşı tərəfin oturma üslubuna uyğun olaraq, onun da 90 dərəcəli bucaq altında əyləşməsi daha münasib olar. Əyləşən zaman fikir vermək lazımdır ki, bədənimizi müsahibə götürən şəxsə tərəf yox, oturulan stul tərəf istiqamətinə, çiynimizi isə azca müsahibə götürən tərəfə çevirsək danışığımız daha effektli olacaq”.

Mütəxəssiz həmçinin, müsahibə zamanı nələri etməyin düzgün olmadığından da danışıb. O, bildirib ki, müsahibə zamanı bədən dilinə diqqət olunmalıdır:

“Müsahibə zamanı “buranın ağası mənəm”, ”mən özümdən razıyam” tipli oturmaq olmaz. Çox sadə olmaq lazımdır. Danışıq zamanı sırf ürəyimizdəkiləri söyləyiriksə, bədən dilimiz ona uyğun hərəkət edəcək. Amma “mən belə çox bilirəm”, “mən beləyəm” düşüncəsi ilə hərəkət etsək, bədən dilimiz avtomatik olaraq bunu əks etdirəcək. Bədən dili ilə tez-tez hərəkətlər, özünü çılğın göstərən davranışlar göstərilməməlidir. Müsahibə götürən şəxs kimliyindən asılı olmayaraq, orada oturubsa, demək səlahiyyətli şəxsdir. O hansı formada istəsə müsahibə zamanı otura bilər. Bu onun məkanıdır və biz onun məkanında oturuşumuza, duruşumuza, bədən dilimizə diqqət etməliyik. Bütün iş yerlərində “bu personal bizə nə verəcək?, bu işçi bizə nə qazandıracaq?” tipli suallar müəssisələrin hər biri üçün əhəmiyyətlidir. Az məbləğ ödəyib, çox iş nəticəsi görmək istəyən müəssisələr çoxdur. Həm məqsədyönlü olduğumuzu, həm də işə nə üçün ehtiyacımızın olduğunu bildirməliyik. “Mən ancaq maaş üçün gəlmişəm”, “mənə bu qədər maaş lazımdır” kimi sözlərdən istifadə etmək düzgün deyil”.