Paylaş

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Hər kəs çalışır ki, bayram günü  öz evində, ailəsiylə birlikdə olsun. Bəs görəsən məşhurlar Novruz bayramını harada və necə qeyd edəcəklər?

Elnur Məmmədov: Novruz bayramını əzizlərimin yanında şəkərbura, paxlava yeyərək ocaq başında keçirəcəm. Yüksək bayram ab-hava ilə həyatımızı davam edirik. Hərçənd ki, 3 ildir ki, mən Novruz bayramında Azərbaycanda olmuram, Amerikada, Avropada oluram. Azərbaycanda olmasam da, azərbaycanlılarla bir yerdə oluram. Bu il Azərbaycanda olacağıma özümə söz verdim. Gələn illərdə yenidən xaricdəki həmvətənlilərimizlə birlikdə bayramı qeyd edəcəyik.

Fatimə: Mən Novruz bayramını ancaq çəkilişlərdə, konsertlərdə keçirirəm.

Murad Arif: Novruz bayramı mənim ən sevdiyim bayramlardan deyil. Amma evdə balacalar olduğu üçün mənim borcumdur ki, bu bayramı bütün qaydaları ilə qeyd edim. Yoldaşım xonça, səməni hazırlayıb. Hər bir xalqın özünə aid adətləri, ənənələri var. Böyüyəndən sonra sevər-sevməz bu artıq onların öz işidir. Amma evdə uşaq varsa, valideynin borcudur ki, bayramın haqqını versin. Novruz papaq atmaq kimi ənənələrini tətbiq etmirəm. Bunlar uşaqlıqda olub. Ümumiyyətlə, bayramlar uşaqlıqda çox aktualdır. Boyüyəndə də artıq övladlar üçün qeyd edirsən. Murad Afirin ürəyində 365 gün bayramdır.

Roza Zərgərli: Mən Novruzu Almatada dövlət tədbirində keçirəcəm. Altı türk dilli xalqın tanınmış simaları bu tədbirə dəvət edilib. Qazaxıstanın Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bu tədbirdə Azərbaycanı mən təmsil edəcəm.

Yaşar Yusub: Bayramı çəkilişlərdə qaça-qaçla keçirdirik. Gecə saatlarına kimi çəkilişlərdə oluruq. Amma öz işimiz olduğu üçün zövqlüdür. Axşamüstü ailəmə vaxt ayıracam. Evdə ailə üzvlərimizlə bir yerə yığışıb bayramı qeyd edəcəyik. Biz sənətçilər xalq üçün  daha çox tədbirlərdə, efirlərdə olduğumuza görə ailəmizlə birlikdə qeyd edə bilmirik. Ailəmiz də sağolsun bizi anlayır, başa düşürlər. İşimiz bu olduğu üçün çalışırıq ki, ailədə də, işdə də vaxt keçirdək.

Maestro Ceyhun: Ola bilər bəzi məşhurlar Novruz bayramı günü işdə ola bilər, bəziləri də evlərində olmağa çalışırlar. Mən Novruzu  həmişəki kimi evimdə, ailəmlə birlikdə qeyd edəcəm, qeyri-adi dəyişiklik olmayacaq.

Elza Seyidcahan: Novruzu kişisayağı qeyd edirəm. Bazarlığı özüm edirəm, tonqaldan özüm tullanıram, papağı özüm qəbul edirəm, səmənini özüm alıram, mahnıları özüm bəstələyirəm. Bayramı əsl kişisayağı keçirirəm.