Paylaş

“Qız uşaqlarının abortu kimi mənfi halın qaldırılmasının yeganə yolu gənc ailələrə lazımı formada yanaşaraq, təbliğ etməkdir”.

Bu sözləri Kishi.az-a müsahibəsində həkim-cərrah, mama-ginekoloq Gülnar Məmmədova deyib. Onun sözlərinə görə, abortun qarşısını almaq üçün medianın üzərinə də məsuliyyət düşür:

“Qız və oğlan uşaqlarının dünyaya gəlişi insan fiziologiyasından asılıdır. Statistikaya nəzər saldıqda isə oğlan uşaqlarının dünyaya gəlişinin çoxluğu, qız uşaqlarının valideyinlər tərəfindən istənilməyərək, abort olunması ilə bağlıdır. Qız uşaqlarının abort olunmasının qarşısını almaq elə də asan olmayacaq. Amma buna baxmayaraq, maariflənmə aşağı səviyyədə olduğu üçün çox təəssüflər olsun ki, bu gün hələ də ailələrin bir çoxunda qız uşağına deyil, oğlan uşaqlarına üstünlük verilir. Media bu mövzularda çox yazmalı, verilişlər hazırlamalı və onlara verilən övladın bəxşiş olduğunu aşılamalıdır”.

Müsahibimiz Gülnar Məmmədova ailələrin oğlan uşaqlarına nə üçün üstünlük verməsi barədə də məlumat verib:

“Oğlan uşağına üstünlük verilməsini bir neçə səbəblə izah etmək olar. İlk öncə oğlan uşağı nəslin genetik davamçısıdır. Bir nəslin, ailənin soyunu davam etdirəndir. İkinci bir səbəb isə oğlan övladı düşmən üçün bir sipərdir, arxadır, bu bizim milli mentalitetimizdən gələn bir səbəbdir ki, hər zaman olduğu kimi oğlan uşaqlarının dünyaya gəlişi qız uşaqlarına nisbətən daha çox sevinclə qarşılanır. Nəticədə bu səbəblər ailədə qız övladından çox oğlan övladının dünyaya gəlişi ilə nəticələnir və oğlan uşaqlarına üstünlük verilir”.