Paylaş

“Kişi sonsuzluğunda  ən çətin diaqnoz sperma olmamağıdır. Belə diaqnoz qoyulan insanların uşağının olmamağı sıfıra bərabərdir”.

Bu sözləri KİŞİ.az saytına  psixoterapevt Şəbnəm Sadıqova kişi sonsuzluğunun psixoloji təsirləri haqqında  danışarkən deyib:

“Bəlkə bəziləri əməliyyatla xilas ola bilərlər, müalicə almış ola bilərlər, bəzilərində isə ümumiyyətlə ümid olmur. Övlad sahibi olmaq üçün bu insanlar süni mayalanmaya müraciət edirlər və donordan istifadə edirlər. Düzdür Azərbaycanda süni mayalanmaya müraciət edənlərin sayı az olur, çünki kişilər öz xanımlarına başqa donorlar tapılmasına razı olmurlar. Sonsuzluq sözünün özü belə insanlarda qorxu yaradır. Bu kimi hallarla qarşılaşan zaman kişilərdə gərginlik, ümidsizlik, çarəsizlik yaradır.  Bu insanlar düşünür ki, onların itirəcəyi bir şey yoxdur, çünki qazanmayıb. Bilir ki, övlad sahibi ola bilməyəcək, nəsil artıra bilməyəcək. Xüsusilə də, Azərbaycan cəmiyyəti belə məsələlərdə çox qəddardır. Kişi yaxud qadın sonsuzluğunu rahatlıqla qəbul etmir”.

Müsahibimiz bildirir ki, cəmiyyətdəki  basqılar azalarsa, sonsuzluq insanlarına psixologiyasına da təsir göstərməz:

“Ümumiyyətlə, övlad sahibi olmaq anlayışını bir az yumuşaltmaq lazımdır. Yaxud da hər ailə mütləq övlad sahibi olacaq deyə də bir şey yoxdur, bu, cütlüyün özünün qərarı olmalıdır. Cəmiyyətdəki basqını bir az azalda bilsək, bu problem həll olunacaq. Bir insanın övladı olmayacaqsa, o yetərsiz yaxud yarımçıqdır demək düzgün deyil. O insan tamdır, cəmiyyətə yararlıdır. Kişi əgər sonsuzdursa, bunu  özü seçməyib. Burada əsas məsələ cəmiyyət faktorudur. İnsan nə qədər güclü olsa belə, çevrədən gələn təzyiqlər nəticəsində bir müddət sonra özü-özündən əlini üzə bilir”.