Paylaş

“Avro-2016″nın finalında Fransa ilə görüşdə dizindən zədələnən Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 25-ci dəqiqədə əvəzlənib.
Bu barədə müsahibə verən idman şərhçisi Rövşən Binnətli bildirib ki, komanda yoldaşları Kriştiano Ronaldonun yoxluğunu unutdurmağa çalışdılar:

“Oyun ərzində Kriştiano Ronaldoya 2 dəfə belə yanaşma oldu. Onun yüngül zədəsinin olması mediada da yazılırdı. Bu da ehtimalların biridir ki, futbolçular top uğrunda mübarizədə bu cür addım atmaqla rəqibi çox güclü silahdan məhrum edə bilərlər. Dmitri Payenin ikinci güclü zərbəsi nəticəsində Ronaldo oyunu davam etdirə bilmədi. Lakin əlimizdə hər hansı sübut olmadan o insanın haqqına girmiş olarıq. Reallıq belə idi ki, diqqət Kriştiano Ronaldonun üzərində idi. Hansı yolla olursa olsun, onu oyundan kənarlaşdırmaq məsələsi var idi. Mətbuat konfransında Didye Deşam belə bir ifadə işlətmişdi ki, “Hər kəs Kriştiano Ronaldonun yolunu kəsməkdən danışır”. Əgər bu yolu kəsmək mümkün idisə, indiyənə qədər kəsərdilər. Kriştiano həm klubda, həm də millidə bu qədər güclü oyun nümayiş etdirirsə, demək bu yolu kəsmək mümkün deyil. O, belə açıqlama vermişdi, amma demək ki, bunun da bir yolu var imiş. Təəssüf ki, bu yol Kriştiano Ronaldo kimi oyunçuya zədə yetirməklə oldu. Baxmayaraq ki, o meydanda olmadı, amma, komanda yoldaşları bu yoxluğu unutdurmağa çalışdılar. Onlar bu çətin işin öhdəsindən gələrək arzulanan çempionluğu əldə etdilər”.